Misli Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

"Unikal"ın məlumatına görə,  günün ikinci matçında "Zirə" "Qəbələ"ni qəbul edib.

Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Meydan sahiblərinin heyətində 11-ci dəqiqədə Davit Volkov, 89-cu dəqiqədə Kris Diqbeu fərqlənib. Qonaqlardan 14-cü dəqiqədə İsmael Akinade adını tabloya yazdırıb.

Qələbə sayəsində xallarının sayını 19-a çatdıran "Zirə" beşinci pillədə qərarlaşıb. "Qəbələ" 8 xalla onuncudur.

Günün ilk görüşündə "Araz-Naxçıvan" səfərdə "Şəfa" ilə heç-heçə edib - 2:2.

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Qarabağ"ı, "Neftçi" isə "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib. Azərbaycan Premyer Liqasında XI tura sabah yekun vurulacaq.