Mənsub olduğun xalqın, vətəndaşı olduğun dövlətin qalib olması qürurvericidir. Sözsüz ki, qalibiyyət asan əldə olunmur.

Dövlət himnimizdə deyildiyi kimi:

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu,
Hərə bir qəhrəman oldu.

Tariximizə 8 Noyabr – Zəfər Günü qanla yazılıb, şanla yaşanır, qürurla yaddaşlara həkk olunur.

Altı il əvvəl Ali Baş Komandan Şuşanın azad olunması xəbərini verəndə, “Şuşa, sən azadsan!”, “Şuşa, biz qayıtmışıq!” çağırışlarını edəndə keçirdiyim hissləri heç vaxt sözlə ifadə edə bilməyəcəyəm.

Bu qələbəyə, bu möhtəşəm zəfərə həsr olunan nə qədər yazılar, romanlar, şeirlər yazılsa, nə qədər filmlər çəkilsə, yenə də sönük qalacaq. Çünki illərlə yaşanan həsrətin, məğlubiyyətin, acizliyin sonu olan zəfərin gətirdiyi sevinci, qüruru, qüdrəti ifadə etməyə sözün gücü çatmır.

O gün bəlkə də ilk dəfə idi ki, ata itkisinin qəlbimdə açdığı yaranın sızlamadığını hiss etdim. Sanki qələbə yaramıza məlhəm olmuşdu. Bütöv bir xalqın yarası qələbə məlhəmiylə sağalmışdı. Bu qələbə təkcə yaramızı sağaltmadı, belimizi dikəltdi, ruhumuzu oyatdı, bizi özümüzə qaytardı.

Artıq xalqımız o möhtəşəm zəfərdən sonra başqa cür danışır. Yerişimiz, duruşumuz da dəyişib. Bayrağımız da bir başqa cür dalğalanır. İndi Azərbaycan ərazi bütövlüyünü təmin etmiş dövlətdir. Özü də, sözü də hər yerdə mötəbərdir.

Zəfər Günün qutlu olsun, Azərbaycan!

Ruhunuz şad olsun, əziz şəhidlər! Rahat uyuyun, zəfər bizimlədir, biz zəfərləyik.

Zaur Əhməd