“Azərişıq” ASC Özbəkistan Respublikasının Milli Elektrik Şəbəkəsi Səhmdar Cəmiyyətinin (NEGU) mühəndis-energetikləri üçün ixtisasartırma təlimlərinin keçirilməsinə davam edir. Səhmdar Cəmiyyətin mütəxəssislərinin iştirakı ilə “35-110 kV-luq paylayıcı elektrik şəbəkələrin elektrik avadanlıqlarının qəza və normal iş rejimlərində istismarı, təmiri və əməliyyat çevirmələri” mövzusunda növbəti təlim kursu təşkil olunub.  

"Unikal" xəbər verir ki, peşəkar təlim proqramı Dünya Bankının maliyyə dəstəyi ilə reallaşan “Elektrik Enerjisi Sektorunun Transformasiyası və Dayanıqlı Ötürmə” (ESTART) layihəsi çərçivəsində baş tutub. Təlimin keçirilməsində məqsəd Özbəkistanın enerji sektorunda çalışan mühəndis-texniki heyətin peşəkar potensialının gücləndirilməsi, müasir texnologiyaların tətbiqi üzrə bilik və bacarıqlarının artırılması, eləcə də Azərbaycan və Özbəkistan mühəndis-energetikləri arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə şərait yaratmaqdır. 

Energetiklər təlim müddətində nəzəri biliklərini artırmaqla yanaşı, həm də real elektrik avadanlıqları və müvafiq təlim qurğularından istifadə etməklə praktiki tapşırıqları yerinə yetiriblər. Beləliklə, onlar əldə etdikləri bilikləri bilavasitə istehsalat şəraitində tətbiq edərək peşə bacarıqlarını inkişaf etdiriblər. 

Təlimlər başa çatdıqdan sonra iştirakçıların proqram üzrə hazırlıq səviyyəsi qiymətləndirilib. Sonda müdavimlərə “Azərişıq” ASC tərəfindən müvafiq sertifikatlar təqdim olunub.