Türkiyə Rabitə Nazirliyinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) İstanbulun Şişli rayonundakı Heydər Əliyev Parkındakı büstün sökülüb yerinə mədəniyyət mərkəzinin tikiləcəyi ilə bağlı iddiaları təkzib edib.

"Unikal" xəbər verir ki, bununla bağlı bəyanat yayılıb. Bəyanatda Şişli bələdiyyəsinin ərazidə belə bir layihə planlaşdırmadığı bildirilib.

"Bəzi sosial media hesablarında yayılan "Şişlidəki Heydər Əliyev Parkındakı büst söküləcək və mədəniyyət mərkəzinin yerini açmaq üçün ərazinin söküləcəyi" iddiaları əsassızdır. Şişli Bələdiyyəsi sözügedən ərazi ilə bağlı heç bir iş görmür; belə bir layihə gündəmdə deyil. İctimaiyyəti çaşdırmaq və iki dost və qardaş ölkəmiz arasındakı münasibətləri hədəf almaq məqsədi daşıyan təxribatçı və dezinformasiya dolu iddialara etibar edilməməsi qətiyyətlə xahiş olunur", - deyə bəyanatda qeyd edilir.