Bu gün Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı Tədbirlər Planına uyğun olaraq “Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” - müharibə iştirakçılarının gənclərlə görüşü təşkil edilib. 

"Unikal" xəbər verir ki, Qazax Ədəbiyyat Muzeyində təşkil olunmuş görüşün məqsədi gənclərə Vətən müharibəsində əldə olunan tarixi Zəfər haqqında məlumat vermək, qəhrəman qazilərimizin döyüş yolu və xatirələrini gənc nəsillə bölüşmək, vətənpərvərlik ruhunu daha da yüksəltmək olub. 

3-cü dərəcəli “Rəşadət” ordeni, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, 3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, ehtiyatda olan kapitan Çobanov Samir Natik oğlu, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2 dəfə “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, Vətən müharibəsi iştirakçısı. ehtiyatda olan polkovnik-leytenant Mustafayev İsgəndər Osman oğlu, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş 2-ci dərəcəli Vətən müharibəsi əlili, ehtiyatda olan mayor Əliyev Xəyyam Şadət oğlu, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Suqovuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Göyüşov Amil Niftalı oğlu, “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan leytenant Carçıyev Elvin Rasim oğlu, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, 3-cü dərəcəli Vətən müharibəsi əlili, ehtiyatda olan baş-leytenant Müzəffərov Ceyhun Habil oğlu, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, 3-cü dərəcəli Vətən müharibəsi əlili, ehtiyatda olan leytenant Vəliyev Tural İsa oğlu, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, Vətən müharibəsi iştirakçısı, gizir Hüseynov Xəqani Qəhrəman oğlu, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, 3-cü dərəcəli Vətən müharibəsi əlili, ehtiyatda olan gizir Mustafayev Sərvaz Məqsəd oğlu, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan baş gizir Rzayev Məhəmməd Zərmayıl oğlu gənclərlə görüşüblər.

Gələcəyimiz olan gənclərlə təşkil olunmuş görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, KİV nümayəndələri iştirak ediblər. 

Görüş iştirakçıları əvvəlcə Muzeyin foyesində qəhrəman şəhidlərimizin, igid Vətən oğullarının əziz xatirəsini əbədiləşdirən kitablardan ibarət sərgi ilə tanış olublar.                        
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla ehtiramla yad edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək gəncləri və şanlı tarix yazan, canlı əfsanəyə çevrilmiş müharibə iştirakçılarını salamlayıb, 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev başda olmaqla, xalqımızı təbrik edib. Vətən müharibəsinin iştirakçıları ilə təşkil olunmuş görüşün əhəmiyyətindən söz açıb, səmimi ürək sözlərini bölüşüb. 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü ərəfəsində gənclərlə görüşdüklərinə görə qəhrəman qazilərimizə müharibə iştirakçılarına razılığını ifadə edib. İcra başçısı 8 Noyabr – Zəfər Gününün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlığı bahasına qazanıldığını, bu günün Azərbaycan xalqının yaddaşına və hərb tariximizə qızıl hərflərlə yazıldığını bildirib. İcra başçısı qeyd edib ki, Azərbaycanın haqq savaşı, Vətən müharibəsi 2020-ci ilin 27 sentyabrında başladı və 10 noyabrda böyük tarixi Qələbə ilə başa çatdı. Bu, elə bir tarixi Qələbə oldu ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında biz xalq olaraq şanlı Ordumuzun cəbhədə qazandıqları uğurlu nailiyyətlərlə, Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələrlə, azad etdikləri yaşayış məntəqələri ilə bütün dünyaya dövlətimizin gücünü, qüdrətini bir daha nümayiş etdirdik. Rayon rəhbəri “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir!” söyləyən, 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuzun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qisasını aldığını, onların qanının yerdə qalmadığını söyləyib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhərlərinin separatçılardan təmizləndiyini, Azərbaycan dövlətinin suverenliyini tam bərpa etdiyini vurğulayıb. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağının dalğalandığını qeyd edib. İcra başçısı bildirib ki, bu gün hər birimiz ölkə vətəndaşı olaraq bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şəhidlərimizə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərinə bir ömür boyu minnətdar olmalıyıq. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. "Ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, Birinci vitse-prezident Mehriban xanım qazilərimizin yarası Azərbaycan xalqının yarasıdır deyirsə, bu, hər bir dövlət məmuru üçün nümunə olmalıdır", - deyən icra başçısı Qazaxda bütün şəhidlərimizin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. “Əziz gənclər sizlərə hər zaman vətənpərvər olmağı arzu edirik”, - deyən icra başçısı müharibə iştirakçıları ilə olan bugünkü görüşün onların bu ruhda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Görüşdə iştirak edən qazilərimiz və müharibə iştirakçıları çıxış edərək gəncləri salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi ürək sözlərini bölüşüblər. 6 il əvvəl 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədən, şanlı Zəfərdən söz açıb, keçdikləri keşməkeşli, çətin, çətin olduğu qədər də qürur dolu anlarla yaddaşlara yazılan döyüş yollarından, şəhidlərimizin, qazilərimizin döyüş meydanındakı qəhrəmanlıqlarından, şücaətindən, xalqımızın mərdliyindən, qorxmazlığından, Müzəffər Ali Baş Komananın ətrafında bir yumuruq tək birləşmələrindən, ordumuzun, əsgərlərimizin yanında necə mətn dayanmalarından, xalq-ordu birliyindən danışıblar. Şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlığı bahasına qazandığımız şanlı Zəfəri, Qələbəni qorumağın, gələcək nəsillərə tanıtmağın, şəhidlərimizi yad etməyin, şəhid ailələriə və qazilərə qayğı göstərməyin hər bir vətəndaşın borcu olduğunu dilə gətiriblər. Gənclərin vətənpərvər, xalqına, millətinə, Vətəninə layiqli vətəndaş, gənclər kimi yetişməsində bu cür görüşlərin böyük əhəmiyyət daşıdığını vurğulayılar. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən qayğıdan söz açan müharibə iştirakçıları, bu gün həmin qayğının Qazaxda da olduğu kimi davam etdirildiyini diqqətə çatdıraraq buna görə rayon rəhbərliyinə razılıqlarını dilə gətiriblər. Gənclərlə olan bugünkü görüşün unudulmaz anlarla yadda qaldığını qeyd edən qazilərimiz onlara tövsiyələrini verib, gələcək həyatlarında uğurlar arzulayıblar. Gənclərlə olan mənalı, yaddaqalan görüşün təşkilinə görə rayon rəhbərliyinə razılıq ediblər. 

Diskusiya formatında davam edən görüşdə müharibə iştirakçıları gənclərin suallarını cavablandırıb, döyüş xatirələrini onlarla bölüşüb, gənclərə vətənpərvər olmağı, peşəsindən, kimliyindən asılı olmayaraq vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək qalib Azərbaycanın adını hər zaman uca tutmağı tövsiyə ediblər. Sonda xatirə şəkli çəkdirilib.