Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülh mükəmməl deyil.
"Unikal" xəbər verir ki, bunu Ermənistan Prezidenti Nikol Paşinyan Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hələ həllini gözləyən humanitar məsələlər mövcuddur: "Xüsusilə də itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, ərazilərin minalardan təmizlənməsi və saxlanılan şəxslərlə bağlı məsələlər.
Təəssüf ki, həm Ermənistanda, həm də Azərbaycanda, o cümlədən rəsmi səviyyədə, zaman-zaman mənfi əhval-ruhiyyənin alovlanması halları baş verir. Bununla belə, hətta belə insidentlər narahatlıq doğursa da, onlar artıq sabit sülh reallığını şübhə altına almır.
Sadəcə anlamaq lazımdır ki, otuz ildən çox davam edən münaqişəni bir anda, sadəcə bir düyməni basmaqla dayandırmaq mümkün deyil. Bu proses vaxt və ardıcıllıq tələb edəcək. Çoxsaylı insan itkiləri, əzab-əziyyət, düşmənçilik və mübahisələr, eləcə də uzun illər davam edən münaqişədən sonra Ermənistan və Azərbaycan arasında dinc yanaşı yaşamanın artıq mümkün olmadığına dair inam mövcud idi.
Bununla belə, bu prizmadan baxdıqda, biz – Azərbaycan Prezidenti ilə birlikdə və beynəlxalq tərəfdaşlarımızın dəstəyi ilə – qeyri-mümkünü həyata keçirdik. İndi biz çətinliklə əldə edilmiş bu sülhü hər gün qorumalı və möhkəmləndirməliyik. Çünki bu nailiyyət, ilk növbədə, Ermənistan və Azərbaycan xalqlarına, onların müstəqilliyinin möhkəmlənməsinə və gələcək nəsillərə xidmət edir. Həmin nəsillərə təkcə dinc yanaşı yaşamaq deyil, həm də əməkdaşlıq və ortaq maraqlara əsaslanan mehriban qonşuluq münasibətləri qurmaq üçün tarixi imkan yaradılıb. Məhz Alma-Ata Bəyannaməsi və onun yenidən canlandırılması bu tarixi imkanı yaratdı. Biz sadəcə bu reallıq üzərində irəliləməli və elə bir gələcəyə doğru baxmalıyıq ki, orada tərəflər bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərin toxunulmazlığını və siyasi müstəqilliyini birmənalı şəkildə tanısın və onlara hörmət etsin. Həmçinin tərəflər nə indi, nə də gələcəkdə bir-birinə qarşı heç bir açıq və ya gizli ərazi iddiası irəli sürməsinlər.
Hörmətli dövlət başçıları, Ermənistan Respublikasının seçdiyi strategiya məhz budur. Həmçinin vurğulamaq vacibdir ki, Vaşinqton Bəyannaməsində biz Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması və yekun ratifikasiyası istiqamətində səylərin davam etdirilməsi zərurətini qəbul etdik və iki ölkəmiz arasında sülhün qorunub saxlanılmasının və möhkəmləndirilməsinin vacibliyini xüsusi qeyd etdik. Biz bu yolla irəliləyirik və ümid edirəm ki, həmçinin əminəm: birgə əməkdaşlıq sayəsində biz yekun məqsədimizə – Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh sazişinin imzalanması və ratifikasiyasına nail olacağıq".
Ağarza Elçinoğlu














.jpg)
































