İnsanın danışıq tərzi onun sağlamlığı və yaşlanma prosesi barədə düşündüyümüzdən daha çox məlumat verə bilər. Yeni araşdırmada istifadə olunan avtomatlaşdırılmış “nitq saatları” insanın danışıq yaşını müəyyən edərək onu real yaşı ilə müqayisə edib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçılar Latın Amerikasının müxtəlif ölkələrindən olan, təxminən 3 000 ispandilli yetkinin səs yazılarını analiz ediblər. Süni intellekt və maşın öyrənməsi vasitəsilə nitqin sürəti, fasilələr, səs tonu, söz ehtiyatı və digər xüsusiyyətlər araşdırılıb.
Nəticələr göstərib ki, sağlam insanlarda nitq yaşı ilə real yaş arasındakı fərq az olur. Alzheimer xəstəliyi və frontotemporal demensiyası olan şəxslərdə isə bu fərq daha böyük olub.
Daha “yaşlı” nitq beyin strukturunda dəyişikliklər, qanda Alzheimer xəstəliyi ilə əlaqəli p-Tau217 zülalının yüksək səviyyəsi, həmçinin yaddaş, diqqət və problem həll etmə qabiliyyətinin zəifləməsi ilə əlaqələndirilib.
Tədqiqat müəlliflərinin fikrincə, “nitq saatları” bioloji yaşlanmanın qiymətləndirilməsində MRT və qan analizləri kimi daha bahalı üsullara ucuz, qeyri-invaziv və avtomatlaşdırılmış alternativ ola bilər.
Bununla belə, alimlər vurğulayırlar ki, bu texnologiya hələ demensiya diaqnozu qoymaq üçün nəzərdə tutulmayıb və “yaşlı” nitqin gələcəkdə koqnitiv pozuntuların inkişafını proqnozlaşdırıb-proqnozlaşdırmadığı məlum deyil.

























































