"Əliman müəllimin onkoloji xəstəliklərlə bağlı icbari tibbi sığortanın bu xidmətlərə yönəlməsinin vacibliyini vurğulaması dəfələrlə burada səsləndirilsə də, hələ ki bu məsələ öz həllini tapmayıb. Bunun həllinin vacib olduğunu görmək üçün təbii ki, xəstəxananın qarşısında durub bir saat izləmək kifayətdir ki, yüzlərlə insanın hansı sıxıntı çəkdiyini görülsün. Böyük əksəriyyətin xaricə müalicə almağa getmək imkanı olmadığına görə özümüzü o insanların yerinə qoyub onların mütləq icbari tibbi sığortanın müəyyən xidmətlərindən istifadə etməsini təmin etməliyik".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

"Maraqlıdır ki, MRT və KT adlanan yoxlama qurğularında dövlət xəstəxanalarında minlərlə adam növbəyə durur, amma özəl xəstəxanalarda heç bir növbə olmur. Bu nə deməkdir? Biz heç olmasa oradakı imkanı çatan insanlara yarı qiymətini ödəməklə bu müalicənin təmin olunmasına köməklik göstərməliyik. Özəl xəstəxanaların da yad bir mexanizm kimi görülməsinə artıq son verməliyik.  Rayonlarda normal müalicə imkanı əldə edə bilməyib hamının Bakıya axışması bizim xəstəxanaların nə qədər yüklənməsinə səbəb olur. Ona görə biz həm də regionlarda xəstəxanaların maddi-texniki bazasının yüksəlməsinə nail olmalıyıq", - deyə deputat bildirib.

Anar Kəlbiyev