"Son illər dövlət sektorunda aparılan struktur islahatlarının, idarəetmənin təkmilləşdirilməsinin və optimallaşdırma tədbirlərinin sosial-iqtisadi nəticələrinə də diqqət yetirməliyik. 2019-cu ildə dövlət sektorunda muzdla çalışanların sayı 916 min nəfərdən çox olduğu halda, hazırda 837 min nəfər ətrafındadır. Təkcə cari ilin doqquz ayında dövlət sektorunda çalışanların sayı 29 min nəfər azalıb, qeyri-dövlət sektorunda isə 11,8 min nəfər artıb. Haqlı sual yaranır: dövlət sektorundan ayrılan əmək resurslarını özəl sektor hansı səviyyədə qəbul etməyə qadirdir?"

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, ölkəmizdə problem dövlət sektorunun böyüklüyündən daha çox özəl sektorun yetərincə genişlənə bilməməsidir: "Dövlət sektorunun mütləq sayını azaltmadan da onun iqtisadiyyatdakı nisbi çəkisini aşağı salmağın daha sağlam yolu ştatların birbaşa və süni imtahanlarla ixtisarı əvəzinə, özəl sektorda yüz minlərlə yeni iş yerinin yaradılmasıdır. Bir dövlət qurumunun xərclərinə qənaət digər dövlət təşkilatının sosial müdafiə xərclərini artırırsa, peşəkar kadrlarınn itirilməməsi üçün islahatların ümumi iqtisadi səmərəsini yenidən hesablamalıyıq. Paralel strukturların ləğvini, rəqəmsallaşmanı və büdcə vəsaitlərindən səmərəli istifadə tələbi başadüşüləndir. Lakin rayonlarda alternativ iş yerləri yaratmadan dövlət müəssisələrini ixtisar etməklə paytaxta miqrasiyanın qarşısını almaq çətin olar. 

Təklif edirik ki, ixtisarların açıq meyarları əvvəlcədən kollektivlərə elan olunsun, təcrübəli mütəxəssislər vahid kadr ehtiyatı bazasına daxil edilərək digər dövlət qurumlarındakı vakansiyalara yerləşdirilsinlər. Hökumət son beş ilin optimallaşdırma tədbirlərinin yekunlarına dair ayrıca sosial-iqtisadi qiymətləndirmə aparması faydalı olar".

Anar Kəlbiyev