8 Noyabr – Zəfər Günü münasibətilə Türkiyənin Eskişehir şəhərində “44 Günlük Şanlı Qarabağ Zəfəri” adlı tədbir təşkil olunub.
"Unikal" xəbər verir ki, “Eskişehirin Renkleri Platformu”, Eskişehir Azərbaycanlılar Dərnəyi (ESAZDER) və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) əməkdaşlığı ilə keçirilən tədbir Eskişehir Böyükşəhər Bələdiyyəsinin Taşbaşı Mədəniyyət Mərkəzində baş tutub.
Tədbir hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
“Eskişehirin Renkleri Platformu”nun sədri Oral Büyüksarı və Eskişehir Azərbaycanlılar Dərnəyi sədrinin müavini Sirac Yaquboğlu Zəfər Gününün tarixi əhəmiyyətindən, Azərbaycan-Türkiyə qardaşlığından və xalqlarımız arasında sarsılmaz həmrəylik ənənələrindən bəhs ediblər. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qətiyyətli mübarizəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub.
Sirac Yaquboğlu çıxışında iki ölkə arasındakı qardaşlıq münasibətlərinin tarixi köklərinə toxunub. O, Əhməd Cavadın Balkan müharibələri zamanı Osmanlıya dəstək məqsədilə həyata keçirdiyi yardım fəaliyyətlərini, eləcə də 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Azərbaycana göstərdiyi dəstəyi xatırladaraq bu həmrəyliyin bu gün də davam etdiyini vurğulayıb.
Tədbir çərçivəsində Azərbaycan mədəniyyətini, milli-mənəvi dəyərlərini və qəhrəmanlıq tarixini əks etdirən bədii proqram təqdim olunub. Nuranə Süleymanzadə “Sarı gəlin”, “Zəfər”, Nuray Novruzzadə Xarıbülbülə həsr olunan rəqs kompozisiyası ilə çıxış edib. Fatimə Novruzlu “Ayağa qalx, Azərbaycan”, Solmaz İsgəndərli “Vətən” şeirini, Elvin Məmmədli isə şəhid Xudayar Yusifzadənin ifası ilə tanınan “Xudayar təsnifi”ni səsləndirib. Konsert proqram Kənan Hüseynovun musiqi ifaları ilə davam edib.
Tədbirin təsirli anlarından biri Nuray Novruzzadənin təqdim etdiyi “şəhid anası” monoloqu olub. Şəhid analarının övlad həsrətini, Vətən uğrunda canından keçən qəhrəmanlara duyulan ehtiram və minnətdarlıq bildirən səhnə iştirakçıların böyük marağı ilə qarşılanıb. Proqram çərçivəsində, həmçinin fləşmob nümayiş etdirilib.
Sonda Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın çıxış edərək Zəfər Gününün xalqımızın milli qürur və birlik rəmzi olduğunu vurğulayıb.
Tədbir iştirakçıların səhnəyə dəvət olunması və “Azərbaycan, sənsən mənim” mahnısının birlikdə ifa edilməsi ilə başa çatıb.
Qarabağ Zəfərinin anıldığı proqram Azərbaycanın tarixi mübarizəsini və milli yaddaşını mədəni tədbirlər vasitəsilə yaşatmaqla yanaşı, Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq əlaqələrinin əhəmiyyətini bir daha vurğulayıb.






.jpg)














.jpg)





























