Dünya futbolunun əfsanələrindən olan Ronaldinyo 11 ildən sonra yenidən rəsmi oyunda meydana çıxıb.
"Unikal" xəbər verir ki, 46 yaşlı veteran futbolçu İtaliyanın “Ravenna” klubunun heyətində debüt edib.
Ronaldinyo C Seriyasının B qrupunda “Forli” ilə qarşılaşmada start heyətində yer alıb. Braziliyalı yarımmüdafiəçi fasilədən sonra Matteo Macco ilə əvəzlənib.
Onun çıxış etdiyi komanda meydandan 2:0 hesablı qələbə ilə ayrılıb. Ronaldinyo komandasının ilk qolunun vurulmasında iştirak edib.
Qeyd edək ki, Ronaldinyo 2015-ci ildə “Fluminense”də çıxış etdikdən sonra peşəkar futbolçu karyerasını başa vurmuşdu. O, karyerası ərzində 299 qol vurub. Braziliyalı ulduz “Ravenna” klubunun səhmdarlarından birinə də çevrilib.
Ronaldinyo gələcəkdə yenidən meydana çıxmasının mümkünlüyünü də istisna etməyib. O bildirib ki, klub prezidenti ona müraciət edərsə, məmnuniyyətlə geri qayıdacaq.



















































