Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin müstəqilliyinin, suverenliyinin, xalqımızın hüquq və azadlıqlarının təminatçısı, milli inkişafımızın və gələcək hədəflərimizin əsas hüquqi dayağıdır. Bu gün Əsas Qanunumuzun qəbul edilməsinin tarixi əhəmiyyətini bir daha böyük qürur hissi ilə qeyd edərkən, Azərbaycanın keçdiyi inkişaf yoluna, qazandığı möhtəşəm nailiyyətlərə və suverenliyini tam bərpa etmiş qüdrətli dövlət kimi mövqeyinə nəzər salırıq. Konstitusiyamızın prinsipləri əsasında formalaşan müasir Azərbaycan dövlətçilik ənənələrinə sadiq qalaraq, hüquqi və demokratik inkişaf yolunda inamla irəliləyir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konstitusiyanın tarixi əhəmiyyətini belə vurğulamışdır: “Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.” Dövlət başçısı başqa bir çıxışında isə bildirmişdir: “1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur.”
Konstitusiyamız müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyən edən, demokratik inkişafı təmin edən mükəmməl hüquqi sənəddir. Əsas Qanunda dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, qanunun aliliyinin təmin edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, bazar iqtisadiyyatı münasibətlərinin inkişafı kimi strateji istiqamətlər təsbit olunmuşdur. Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının başlıca vəzifələrindən biri kimi müəyyən etmişdir.
Əsas Qanunumuzda insan hüquq və azadlıqlarına xüsusi yer ayrılmış, onun 48 maddəsi bilavasitə bu hüquqların və onların təminatlarının təsbitinə həsr edilmişdir. Beynəlxalq hüququn ümum qəbul edilmiş prinsipləri ilə uzlaşan Konstitusiyamızda insanların dilindən, dinindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq bərabərliyi, şəxsiyyətin toxunulmazlığı, fikir və söz azadlığı, mülkiyyət və digər fundamental hüquqları öz əksini tapmışdır. Bununla yanaşı, Konstitusiyada müasir hüquqi dövlət quruculuğunun tələblərinə uyğun olaraq konstitusiya ədalət mühakiməsi institutunun yaradılması və onun dövlət hakimiyyəti sistemində yeri müəyyən edilmişdir.
Konstitusiyanın qəbulundan sonra ölkəmizdə konstitusiya nəzarəti orqanı olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başlamışdır. 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, 1998-ci il iyulun 14-də Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimləri təyin olunmuşdur. Həmin il iyulun 18-də Ümummilli Lider Heydər Əliyevin imzaladığı Fərmanla Məhkəmənin müstəqilliyinin və hakimlərinin hüquqi statusunun təmin edilməsi istiqamətində mühüm addım atılmış, beləliklə, Konstitusiya Məhkəməsi rəsmi fəaliyyətə başlamışdır.
Ölkəmizdə baş verən sosial-iqtisadi və siyasi dəyişikliklər, əldə olunan nailiyyətlərin hüquqi baxımdan möhkəmləndirilməsi zərurəti Konstitusiyaya bir sıra əlavə və dəyişikliklərin edilməsini şərtləndirmişdir. 2002-ci il avqustun 24-də keçirilmiş referendumla Konstitusiyanın 24 maddəsinə 29 dəyişiklik edilmiş, 2009-cu il martın 18-də keçirilən referendum nəticəsində isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunmuşdur. 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyanın 29 maddəsinə 41 əlavə və dəyişiklik edilmişdir. Bu dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi, dövlət və bələdiyyələrin məsuliyyətinin artırılması məqsədi daşımışdır. 2016-cı il dəyişiklikləri ilə idarəetmə sistemində Birinci vitse-prezidentlik institutu da yaradılmışdır.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qazanılmış tarixi Qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edilmişdir. Bununla da Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi ölkəmizin bütün ərazisində təmin olunmuşdur. Bu tarixi reallıq dövlətçiliyimizin möhkəmlənməsində, milli birliyimizin və suverenliyimizin təntənəsində yeni mərhələnin başlanğıcı olmuşdur.
Məhz bu mühüm tarixi hadisələrin, Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbənin 5-ci ildönümünün nəzərə alınması ilə Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamına əsasən 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. 2025-ci il 11 fevral tarixli Sərəncamla isə bu münasibətlə Tədbirlər Planı təsdiq olunmuşdur. Həmçinin Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il oktyabrın 10-da “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalının təsis edilməsi haqqında Qanun qəbul edilmişdir. Medal Konstitusiyanın hazırlanmasına, təkmilləşdirilməsinə və təbliğinə, hüquq sisteminin inkişafına, Əsas Qanunun aliliyinin təmin olunmasına, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə və insan hüquqlarının müdafiəsinə töhfə vermiş şəxslərin xidmətlərinin qiymətləndirilməsinə yönəlmişdir. Beləliklə, ötən il Konstitusiyamızın 30 illik yubileyinin təntənəli şəkildə qeyd olunması Azərbaycanın dövlətçilik tarixində mühüm hadisə kimi qeyd olunmuş, hüquqi dövlət quruculuğu və suverenliyin möhkəmləndirilməsi istiqamətində əldə edilən nailiyyətləri bir daha ön plana çıxarmışdır.
Fatma Xıdırlı
Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi








.jpeg)

















.jpg)


















.jpg)









