8 Noyabr - Zəfər Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının, SOCAR Kompleks Qazma İşləri Trestinin Həmkarlar İttifaqı Komitəsinin və Trest üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Zəfər tariximiz, qürurumuz və birliyimiz” adlı tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib.

Çıxışlarda 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi qəhrəmanlıq, xalqımızın milli birlik və həmrəyliyi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin siyasi, hərbi və mənəvi əhəmiyyəti xüsusi vurğulanıb.

YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev Zəfər Gününün Azərbaycan xalqının milli iradəsinin, dövlətçilik əzminin və sarsılmaz həmrəyliyinin təntənəsi olduğunu bildirib. O, şəhidlərin qəhrəmanlığının xalqımızın yaddaşında əbədi yaşayacağını qeyd edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlət və cəmiyyət qarşısında mühüm mənəvi məsuliyyət olduğunu diqqətə çatdırıb.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Samir Vəliyev tarixi Qələbənin Azərbaycanın müasir tarixindəki müstəsna əhəmiyyətindən bəhs edib. O, milli birliyin və vətənpərvərlik ruhunun qorunmasının, Zəfər tariximizin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.

SOCAR Kompleks Qazma İşləri Trestinin müdiri Rəşad Əsgərov çıxışında tarixi Zəfərin qazanılmasında şəhidlərin və qazilərin misilsiz xidmətlərindən danışıb. Trest kollektivinin şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərdiyi diqqət və ehtiramı qeyd edən Rəşad Əsgərov bildirib ki, müəssisədə Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin 28 ailəsi, hər iki müharibənin 166 iştirakçısı təmsil olunur. O, bu insanların kollektiv üçün yalnız əməkdaş deyil, həm də Vətənə sədaqətin, fədakarlığın və qəhrəmanlığın canlı nümunələri olduğunu vurğulayıb.

Tədbir bədii hissə ilə davam edib.