“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında 8 Noyabr - Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib.
"Unikal" tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, partiya və rayon icra hakimiyyətinin əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, ərazi partiya təşkilatlarının rəhbərləri və fəal gənclər iştirak ediblər.
Tədbirdən əvvəl iştirakçılar Yasamal rayonundakı Şəhidlərin Xatirə Kompleksini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətindən danışıb. Bildirilib ki, bu Qələbə xalqımızın milli birliyinin, dövlətimizin qüdrətinin və tarixi ədalətin bərpasının təntənəsidir. Həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri və “Böyük Qayıdış” proqramının uğurlu icrası diqqətə çatdırılıb. Qeyd olunub ki, 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edilib və 20 Sentyabr - Dövlət Suverenliyi Günü təsis olunub.
Tədbirdə çıxış edən şəhid kapitan Nurlan Mustafayevin anası Rahilə Ramazanova tarixi Zəfərin əldə olunmasında Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətinin və Prezident İlham Əliyevin uğurlu strategiyasının mühüm rolunu vurğulayıb. O, şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov çıxışında Zəfərin tarixi, siyasi və mənəvi əhəmiyyətindən bəhs edərək, bu Qələbənin güclü dövlət quruculuğunun, ordu quruculuğu siyasətinin və xalqımızın sarsılmaz birliyinin nəticəsi olduğunu qeyd edib. O, qəhrəmanlıq ənənələrinin gələcək nəsillərə çatdırılmasının və dövlətçilik dəyərlərinin təbliğinin vacibliyini vurğulayıb.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Qeyd edək ki, Zəfər Günü ərəfəsində YAP Yasamal rayon təşkilatı tərəfindən sosial aksiya da keçirilib. Aksiya çərçivəsində rayonda yaşayan şəhid ailələri və qazilər ziyarət olunub, onlara bayram sovqatları təqdim edilib.











































