Baş Prokurorluğun Monteneqro Respublikasının Ədliyyə Nazirliyinə sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Dadaşzadə Dadaş Balakişi oğlunun ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

"Unikal" xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Dadaş Dadaşzadənin ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul olunub, istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib. Keçirilmiş tədbirlər nəticəsində D.Dadaşzadənin Monteneqro Respublikasının ərazisində olduğu yer müəyyən edilərək saxlanılması təmin edilib.

Hazırda Dadaş Dadaşzadənin Azərbaycan Respublikasına gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Baş Prokurorluq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək.