Rusiya ordusu Ukraynada enerji və nəqliyyat infrastrukturu obyektlərinə, həmçinin pilotsuz uçuş aparatlarının (PUA) saxlanıldığı məntəqələrə zərbələr endirib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, zərbələr Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi enerji və nəqliyyat obyektlərinə, PUA-ların yığılması, saxlanılması və buraxılması məntəqələrinə yönəlib.

Bundan başqa, Rusiya ordusu Ukraynanın 139 rayonunda hərbi birləşmələrin və muzdluların müvəqqəti dislokasiya məntəqələrini, eləcə də sursat anbarlarını hədəfə alıb.

Nazirliyin məlumatına görə, əməliyyat zamanı taktiki aviasiya, artilleriya, raketlər və zərbə dronlarından istifadə olunub.

Qeyd edək ki, noyabrın 1-də Rusiya Müdafiə Nazirliyi “Cənub” qoşun qruplaşmasının PUA operatorlarının Ukrayna Silahlı Qüvvələrinin pilotsuz aparatlarının idarəetmə məntəqəsini məhv etdiyini də açıqlayıb. Həmin gün Rusiya ordusunun Sumı vilayətində dəmir yolu stansiyasındakı hərəkətə nəzarət obyektlərinə zərbə endirdiyi bildirilib.