Şuşada arvadını döyən kişi həbs edilib.

"Unikal" Lent.az-a istinadən xəbər verir ki, 51 yaşlı Məmməd Əhmədov (ad və soyad şərtidir) evdə yaranan mübahisə zamanı arvadı Əsməri (ad şərtidir) döyərək, çoxsaylı xəsarətlər yetirib.

Fakt əsasında Məmməd polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində müvafiq protokol tərtib olunub.

M.Əhmədov ifadəsində bildirib ki, araq almaq üçün arvadından pul istəyib. Əsmər buna etiraz edəndə isə aralarında mübahisə yaranıb. Bu zaman Məmməd yumruqla Əsmərin baş nahiyəsindən vurub. Onun sözlərinə görə, daha sonra Əsmər onu itələyərək otaqdan çıxarıb və qapını örtüb. Lakin Məmməd yenidən otağa daxil olmaq üçün qapını bərkdən itələyib. Qapı Əsmərin gicgah nahiyəsinə dəyib. Nəticədə qadın bir sıra xəsarətlər alıb.

Məmməd izahatında qeyd edib ki, hadisə zamanı spirtli içkinin təsiri altında olub, əməlindən peşmandır.

Zərərçəkmiş Əsmərin sözlərinə görə, əri Məmməd spirtli içki aludəçisi olduğuna görə dörd ay reabilitasiya mərkəzində müalicə alıb. O, hazırda şikayətçi olduğunu deyərək ərinin tutulmasını istəyib.

Məhkəmənin qərarı ilə M.Əhmədov bir ay müddətində inzibati qaydada həbs olunub.