"Son illər Azərbaycanın enerji sektoruna cəlb edilən sərmayələrin payının genişlənməsi ölkəmizdə təbii qaz hasilatının artmasına səbəb olub. 2025-ci ildə Azərbaycanda qaz hasilatı 2.4 faiz artaraq 51,5 milyard kubmetrə çatıb".

"Unikal" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 37,9 milyard kubmetr təbii qaz hasil edilib:

"Həmin dövrdə 18,4 milyard kubmetr təbii qaz ixrac edilib. Avropaya 8.6, Türkiyəyə 7.0, Gürcüstana 1.6, digər ölkələrə isə 1.2 milyard kubmet qaz nəql edilib. Azərbaycanın həm Avropa İttifaqının, həm də digər region ölkələrinin enerji təhlükəsizliyinin formalaşmasındakı töhfəsi getdikcə artır. Azərbaycan hazırda 16 ölkəyə təbii qaz nəql edir, onların 12-si Avropa İttifaqına üzv olan ölkələrdir, bu da ondan xəbər verir ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyində xüsusi paya malikdir. Digər tərəfdən, Avropanın qaz idxalında Azərbaycan ən böyük beş təchizatçıdan biridir və bu, Azərbaycanın Avropanın enerji bazarında xüsusi paya malik olduğunu bir daha təsdiq edir. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan hazırda regionda orta güc dövlətinə çevrilib. Azərbaycandan təbii qaz alan ölkələrin sayında da artım müşahidə olunur. Bunlar Azərbaycanın beynəlxalq nüfuzuna sözsüz müsbət təsir göstərməklə, rəsmi Bakının geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə gətirib çıxarıb.

Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları uzunmüddətli perspektivdə həm daxili tələbatın, həm də tərəfdaş ölkələrin ehtiyaclarının qarşılanmasına imkan verir. Azərbaycan ənənəvi enerji resursları ilə zəngin olan ölkələrdəndir və 2,5 trilyon kubmetrlik kəşf edilən ehtiyatları ən azı 100 illik müddətdə öz tərəfdaşlarına təbii qazı nəql etmək imkanına malikdir. Azərbaycan ənənəvi enerji resursları ilə zəngin ölkələrdən biri olmaqla yanaşı, bərpa olunan enerji sahəsində də ciddi addımlar atır. Son illər bu istiqamətdə 1 milyard dollardan artıq sərmayə cəlb edilib. Bu da ondan xəbər verir ki, Azərbaycanda enerji keçidi də intensiv və eyni zamanda səmərəli şəkildə reallaşır. Yaxın perspektivdə Azərbaycan Avropa bazarına yalnız neft və qaz deyil, həm də yaşıl enerji ixrac edə biləcək".