21 oktyabr 2026-cı il tarixində Qaradağ rayon Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

"Unikal" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Müşavirədə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışının ölkəmizin yeni inkişaf mərhələsində mühüm strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Bildirilib ki, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra qarşıda duran əsas vəzifələr milli təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi inkişafın davamlılığının təmin olunması, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi ilə bağlıdır.

RİH başçısı Natiq Əliyev Prezidentin VIII Qurultayda ideoloji işin müasir tələblər əsasında qurulması, formal yanaşmalardan uzaqlaşılması, ictimai maarifləndirmənin gücləndirilməsi və cəmiyyətin bütün təbəqələrinin bu prosesdə fəal iştirakının təmin olunması ilə bağlı səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayıb.

Müşavirədə Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, 166 nömrəli tam orta məktəbin direktoru Zeynəb Vəliyeva, Nəriman Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin müdiri Fərhad Cəfərov, şəhid anası Leyla musayeva, Vətən müharibəsi qazisi Rəcəbli Bəhrəm, əməkdar müəllim Əhliyyət Adıgözəlov çıxış ediblər.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsi, milli birliyin və ictimai həmrəyliyin qorunması, Azərbaycanın iqtisadi müstəqilliyinin və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, tarixi Zəfərin və dövlət suverenliyinin əhəmiyyəti barədə fikirlər səsləndirilib.

Eyni zamanda, gənc nəslin milli ruhda tərbiyəsi, tarixi həqiqətlərin düzgün təbliği, informasiya təhlükəsizliyi, rəqəmsal mühitin yaratdığı çağırışlar, təhsildə və məktəbdənkənar fəaliyyətlərdə müasir maarifləndirmə üsullarının tətbiqi məsələləri müzakirə olunub. Şəhidlərimizin əziz xatirəsinin yaşadılmasının, qazilərə və şəhid ailələrinə diqqət və qayğının davam etdirilməsinin mənəvi əhəmiyyəti xüsusi vurğulanıb.

Müşavirənin sonunda Prezident İlham Əliyevin VIII Qurultayda müəyyən etdiyi prioritet istiqamətlər üzrə Qaradağ rayonunda müvafiq fəaliyyətin gücləndirilməsinin, dövlət qurumları, təhsil müəssisələri və ictimai təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub.