Türkiyədə 50 yaşlı rusiyalı komediya ustası Maksim Qalkinin oktyabrın 25-də İstanbulda keçirilməsi planlaşdırılan konsertinin ləğv edilməsi ilə bağlı çağırışlar səslənir.
"Unikal" xəbər verir ki, Türkiyənin "Doğruhaber" nəşrinin məlumatına görə, buna səbəb kimi onun Qəzza zolağında İsrail ordusunun hərəkətlərini açıq şəkildə dəstəkləməsi göstərilir.
Nəşr bildirir ki, yerli fəallar Qalkinin 8 iyun 2024-cü il tarixli paylaşımına diqqət çəkiblər. Həmin paylaşımda o, İsrail ordusunun Nuseyrat bölgəsində həyata keçirdiyi və dörd girovun xilas edilməsi ilə nəticələnən əməliyyata müsbət yanaşdığını ifadə edib.
"Doğruhaber"in məlumatına görə, sənətçi mərhum israilli hərbçi Arnon Zmoranı qəhrəman adlandırıb və İsrailin addımları ilə fəxr etdiyini bildirib. Bundan əlavə, nəşr iddia edir ki, Qalkin Qəzza zolağında ərzaq çatışmazlığı ilə bağlı xəbərləri, eləcə də HƏMAS tərəfindən açıqlanan ölüm sayı ilə bağlı rəqəmlərin doğruluğunu şübhə altına alıb.
Bununla əlaqədar olaraq, türkiyəli fəallar İstanbuldakı konsertə qarşı çıxıblar. Onlar artıq Türkiyə Daxili İşlər Nazirliyinə, Mədəniyyət Nazirliyinə və bələdiyyə orqanlarına müraciət edərək, çıxışın ləğv olunmasını tələb ediblər.


















.png)





























