Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Azadlıq prospekti 181 ünvanlı ərazi partiya təşkilatında görüş keçirilib.

"Unikal" xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən, ərazi partiya təşkilatının üzvü Fərid Babayev çıxış edərək tarixi Zəfərdən və dövlətimizin suverenliyinin ölkəmizin bütün ərazisində tam bərpa olunmasından söz açıb. O, yeni mərhələdə partiya təşkilatlarının fəaliyyətinin müasir tələblərə uyğun qurulmasının, üzvlərin ictimai-siyasi fəallığının artırılmasının və dövlət siyasətinin mahiyyətinin vətəndaşlara düzgün çatdırılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb”.

Milli Məclisin deputatı Kamaləddin Qafarov Azərbaycanın son illərdə qazandığı siyasi, iqtisadi və hərbi uğurların cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasətin nəticəsi olduğunu bildirib. Onun sözlərinə görə, bu nailiyyətlərin qorunması və yeni inkişaf mərhələsinə uyğun vəzifələrin yerinə yetirilməsi hər bir partiya üzvündən fəallıq, məsuliyyət və vətəndaş mövqeyi tələb edir.

Qurultayın işindən və qəbul olunan qərarlardan danışan Milli Məclisin deputatı Səbinə Xasayeva isə qurultayda müzakirə olunan məsələlərin, irəli sürülən təklif və təşəbbüslərin partiyanın gələcək fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi önəm kəsb etdiyini deyib.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında vurğulayıb ki, hazırkı beynəlxalq şərait ideoloji sahənin əhəmiyyətini daha da artırır. Xüsusilə ərazi bütövlüyünün və suverenliyin bərpasından sonra Azərbaycanın regional siyasətində yeni imkanların yaranması, regional iqtisadi əlaqələrin yüksək səviyyədə qurulması və ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması anti-Azərbaycan qüvvələrinin fəallaşmasına səbəb olub. O qeyd edib ki, Azərbaycan müstəqil siyasət yürüdür və heç bir xarici müdaxiləni qəbul etmir və etməyəcək.