Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Unikal"a bildirilib ki, oktyabrın 16-da Baş prokuror Kamran Əliyev Bakı şəhəri Səbail rayon prokurorluğunun inzibati binasında Səbail rayonundan olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl inzibati binada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstü önünə güllər düzülüb, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Qəbulda iştirak edən 27 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.











































