Ağ Evin yeni mətbuat katibi Keti Zakariya Pepperdine Universitetinin Hüquq Məktəbini bitirdikdən sonra Kaliforniya Vəkillər Kollegiyası imtahanından keçə bilməyib.
"Unikal" xəbər verir ki, bu barədə "The Wall Street Journal " (WSJ) qəzeti yazıb.
Nəşrin məlumatına görə, imtahandan kəsildikdən sonra Zakariya 2011-ci ilin yayında Çinə köçüb. Pekində o, "Zhong Lun" hüquq firmasının beynəlxalq bölməsində iş tapıb. Zakariya milyonlarla dollarlıq əməliyyatları idarə edib və Amerika və beynəlxalq şirkətlər üçün müqavilələr hazırlayıb.
Qəzet həmçinin yazır ki, Zakariya əvvəllər ictimaiyyət qarşısında özünü vəkil kimi təqdim edib.
Keti Zakariyanın Ağ Evin mətbuat katibi vəzifəsinə təyinatı 9 oktyabrda elan edilib. Bundan əvvəl o, "Truth Social" sosial şəbəkəsini idarə edən "Trump Media & Technology Group"da kommunikasiya üzrə məsləhətçi vəzifəsində çalışıb.
O, ikinci uşağının dünyaya gəlməsi səbəbindən vəzifəsindən ayrılan Kerolin Levittin yerinə keçib. ABŞ prezidenti Donald Tramp Levitti "əsl lider" və "Ağ Evin ən yaxşı mətbuat katiblərindən biri" adlandırmışdı.



















































