44 günlük Vətən müharibəsində Füzuli şəhərinin işğaldan azad edilməsi 30 illik həsrətə son qoymaqla yanaşı, rayonun qarşısında yeni perspektivlər açıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 17 oktyabrın Füzuli şəhəri günü elan edilməsi bu tarixi günün dövlətçilik və milli yaddaş baxımından daşıdığı mənanı ifadə edir.
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib.
Parlamentari xatırladıb ki, 2020-ci ilin Vətən müharibəsinin ilk günlərindən Füzuli istiqamətində şiddətli döyüşlər başladı.
"Düşmənin uzun illər ərzində qurduğu müdafiə istehkamlarının yarılması Azərbaycan Ordusunun qarşısında duran ən mürəkkəb vəzifələrdən idi. Ordumuzun yüksək döyüş hazırlığı və qəhrəmanlığı nəticəsində həmin müdafiə xətləri keçildi. Füzuli şəhərinin azad edilməsi ilə Azərbaycan Ordusu həm mühüm hərbi uğura imza atdı, həm də Qarabağda sonrakı qələbələr üçün strateji imkanlar qazandı. Ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi.
Füzulinin azadlığı uğrunda döyüşlərdə göstərilən şücaət dövlət tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə döyüşlərdə iştirak etmiş 25 325 hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı təltif olunub. Bu amillər Füzulinin azadlığına gedən yolda qəhrəmanlıq göstərən hərbçilərin xidmətlərinə verilən yüksək qiymətdir.
Zəfərdən sonra Füzulidə qarşıya qoyulan əsas məqsədlərdən biri şəhəri müasir və rahat yaşayış məkanına çevirməkdir. Hazırda burada geniş quruculuq işləri aparılır, yeni yollar, yaşayış məhəllələri, sosial obyektlər və mühəndis infrastrukturu yaradılır. Füzuli şəhərinin inkişafına dair baş planın təsdiqlənməsi bu prosesin uzunmüddətli və sistemli xarakter daşıdığının göstəricisidir. “Füzuli” yarımstansiyası, rəqəmsal yarımstansiya və idarəetmə mərkəzi, Köndələnçay su anbarları kompleksi, yeni avtomobil yolları və Füzuli Beynəlxalq Hava Limanı şəhərin gələcək inkişafı üçün möhkəm infrastruktur formalaşdırır.
Füzulinin bərpasının ən mühüm göstəricisi isə insanların doğma torpaqlarına qayıtmasıdır. 2023-cü il avqustun 18-dən başlayan köç prosesi mərhələli şəkildə davam edir. 2026-cı il oktyabrın 1-dək Füzuliyə 827 ailənin, 3153 nəfərin köçürülməsi artıq Böyük Qayıdışın real nəticələrini nümayiş etdirir. Vaxtilə məcburi köçkün həyatı yaşayan insanların bu gün doğma şəhərlərində məskunlaşması Füzulinin tarixində yeni səhifə açır.
Füzulidə yaradılan məktəb və uşaq yaradıcılıq mərkəzi isə şəhərin gələcəyinin yalnız tikinti və infrastrukturla deyil, insan kapitalı ilə də qurulduğunu nümayiş etdirir. Özbəkistanın təşəbbüsü ilə Mirzə Uluqbəy adına orta məktəbin, Qazaxıstanın dəstəyi ilə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşa edilməsi qardaş ölkələrin Füzulinin dirçəlişinə verdiyi töhfənin nümunəsidir.
Bu gün Füzuli həm şanlı Qələbinin, həm də yenidənqurmanın ünvanıdır. 17 Oktyabr şəhərin işğaldan azad edilməsinin ildönümü kimi tarixdə qalmaqla yanaşı, doğma yurda qayıdışın, yeni həyatın və gələcəyə inamın rəmzinə çevrilib. Füzulinin keçmişi mübarizə və həsrətlə, bu günü isə quruculuq və qayıdışla səciyyələnir. Şəhərin yeni siması Azərbaycan xalqının Zəfər iradəsinin davamı olaraq formalaşır".




















































