"Dövlət qulluqçularının andı ilə bağlı təklif etmək istərdim. Andları biraz mürəkkəbləşdirmək lazım deyil. 31.2.2-ci maddədə - Azərbaycan Respublikasına sadiq olacağam, Azərbaycan Respublikası Konstitusiyasına dönmədən əməl edəcəyəm. Ondan sonra gəlir ki, bütün məsələlərdə Azərbaycan Respublikası mənafeyi naminə həyata keçirəcəyəm".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

"Sadiq olmaq, Konstitusiyaya əməl etmək, Azərbaycanın mənafeyinə uyğun həyata keçirməkdir. Üçüncü təkrarçılığın burada olmasının bir anlamı qalırmı? İstərdim ki, biraz onu sadələşdirək və daha rahat formada qəbul olunsun", - deyə F.Mustafa qeyd edib.

Deputat Erkin Qədirli bu məsələ ilə bağlı bildirib ki, andın layihədə göstərilmiş mətni əhatəli və yığcamdır: "Orada yersiz təkrarçılığa da yol verilmir. Çünki nəzərə almaq lazımdır ki, dövlət qulluqçuları Azərbaycan Respublikasının vətəndaşlarıdır, amma onların statusu adi vətəndaşlardan çox fərqlidir. Məsələn, Konstitusiya əməl etmək hər bir vətəndaşın borcudur. Amma Azərbaycan Respublikasının mənafeyinə xidmət etmək yalnız dövlət qulluqçularının borcudur. Məsələn, sahibkar Konstitusiya əməl etməlidir, amma Azərbaycan Respublikasının mənafeyinə xidmət etmək kimi borcu yoxdur, o öz mənafeyinə xidmət edir, gəlir əldə etməyə çalışır. Amma gömrük və yaxud vergi işçiləri əsasən Azərbaycan Respublikasının mənafeyinə xidmət etməlidir. Ona görə burada yersiz təkrarçılığa yol verilmir".

Anar Kəlbiyev