Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib.

"Unikal" xəbər verir ki, tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir.

Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır.

Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.