"C6 formatında keçirilən zirvə toplantısı Azərbaycanın beynəlxalq nüfuzunun və regional diplomatiyada artan çəkisinin növbəti göstəricisidir. Lakin bu platformanın Azərbaycan üçün əhəmiyyəti yalnız siyasi və diplomatik müstəvi ilə məhdudlaşmır. C6 ölkəmiz üçün yeni investisiya, ticarət və istehsal imkanları baxımından da mühüm perspektivlər yaradır".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Azər Badamov deyib. Onun sözlərinə görə, burada ən diqqətçəkən məqam Azərbaycanın bu formatda iştirakının sıradan diplomatik hadisə olmamasıdır:

"Azərbaycan artıq Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında sadəcə coğrafi körpü deyil, siyasi və iqtisadi əlaqələrin formalaşmasında fəal aktordur. Prezident İlham Əliyevin C6 platformasında iştirakı Azərbaycanın regional əməkdaşlığı daha geniş geoiqtisadi müstəviyə çıxarmaqda maraqlı olduğunu göstərir. Mərkəzi Asiya dövlətləri ilə qarşılıqlı siyasi etimadın güclənməsi, nəqliyyat və logistika layihələri, enerji əməkdaşlığı və Orta Dəhlizin inkişafı Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. Bunun iqtisadi dividendləri isə kifayət qədər genişdir: qarşılıqlı investisiyaların artması, yeni birgə müəssisələrin yaradılması, ticarət dövriyyəsinin genişlənməsi və Azərbaycanla Mərkəzi Asiyanın birlikdə istehsal etdiyi məhsulların üçüncü bazarlara çıxarılması. Bu gün Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə yüzlərlə şirkətin fəaliyyət göstərməsi, eyni zamanda Azərbaycan şirkətlərinin Mərkəzi Asiya bazarlarına daxil olması iqtisadi əlaqələrin artıq yeni mərhələyə keçdiyini göstərir. Qarşılıqlı investisiyaların artması isə gələcəkdə birgə istehsal müəssisələrinin sayının daha da çoxalmasına imkan verə bilər. Ticarət dövriyyəsindəki artım da müsbət dinamikanı göstərir. Amma hesab edirəm ki, mövcud potensial bundan daha böyükdür. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə eyni platformada tamhüquqlu üzv kimi təmsil olunması bu ölkələrlə iqtisadi əməkdaşlığı daha institusional və sistemli mərhələyə çıxara bilər.

Burada bir neçə istiqamət xüsusilə əhəmiyyətlidir. İlk növbədə enerji və yaşıl enerji layihələri, daha sonra Orta Dəhliz və rəqəmsal bağlantılar, logistika, yüksək texnologiyalar və qeyri-neft sektorunda birgə istehsal layihələri ön plana çıxa bilər. Xüsusilə yaşıl enerji istiqamətində Mərkəzi Asiyanın enerji potensialı ilə Azərbaycanın enerji infrastrukturu və Avropa bazarlarına çıxış imkanlarının əlaqələndirilməsi yeni iqtisadi imkanlar yarada bilər. Rəqəmsal dəhlizlər isə yalnız məlumat mübadiləsi deyil, həm də elektron ticarətin və rəqəmsal xidmətlərin genişlənməsi baxımından əhəmiyyətlidir. Ona görə də C6 formatına yalnız növbəti diplomatik platforma kimi baxmaq düzgün olmaz. Bu format Azərbaycan üçün siyasi etimadı iqtisadi tərəfdaşlığa, nəqliyyat üstünlüyünü tranzit imkanlarına, artan ticarəti isə investisiya və birgə istehsala çevirmək üçün yeni imkanlar yaradır. Əsas məsələ bundan sonra bu platformada əldə olunan siyasi və diplomatik imkanların konkret iqtisadi layihələrə çevrilməsidir. Düşünürəm ki, C6 Azərbaycanın Mərkəzi Asiya ilə iqtisadi əməkdaşlığının yeni mərhələsinə keçidi üçün mühüm platformalardan birinə çevrilə bilər".

Deputat Vüqar Bayramov saytımıza açıqlamasında bildirib ki, Azərbaycanın C6-ya tamhüquqlu üzv kimi qoşulması birmənalı şəkildə regiondakı əməkdaşlığa və inkişafa töhfədir: "Bu, bir tərəfdən Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin genişlənməsinə, digər tərəfdən isə bütövlükdə regionun birlikdə inkişafının stimullaşdırmasına gətirib çıxarır. Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında körpüdür. Avropa İttifaqı dəfələrlə bəyan edib ki, Avropa, Qərb Mərkəzi Asiyaya Azərbaycan vasitəsilə daxil olmaq və Mərkəzi Asiya ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. 

Bu isə ondan xəbər verir ki, birmənalı şəkildə C6 platforması və bu çərçivənin inteqrasiyası ölkələrin inkişafını stimullaşdırır. Təbii ki, növbəti Zirvə görüşünün Azərbaycanda keçirilməsi eyni zamanda Azərbaycana olan diqqətdir. Çünki platformaya yeni qoşulmuş Azərbaycanda Zirvə görüşünün keçirilməsi Mərkəzi Asiya dövlətlərinin Azərbaycanla əməkdaşlığı və Azərbaycanın platformada iştirakına olan diqqəti kimi xarakterizə olunmalıdır. Eyni zamanda, Azərbaycanın regionda geosiyasi mövqeyi daha da güclənməkdədir".

Anar Kəlbiyev