"Bu gün müzakirəyə çıxarılan "Aqrar sahə haqqında" Qanun layihəsinin məqsədi aqrar qanunvericiliyimizdə uzun illərdir hiss olunan boşluğu aradan qaldırmaqdır. İndiyədək bu sahə taxıl, çay, pambıq kimi ayrı-ayrı məhsullar üzrə qəbul edilmiş qanunlarla tənzimlənib. Həmin qanunlar öz dövründə müəyyən rol oynasa da, sahəni bütövlükdə əhatə edən baza qanun bu günədək yoxdur. Yəni sahənin subyektlərini, dövlətin vəzifələrini və dəstək alətlərini müəyyən edən vahid akt qəbul olunmayıb".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib. O bildirib ki, bunun nəticələri praktikada aydın görünür.

" "Fermer", "aqrar məhsul istehsalçısı", "ilkin emal" kimi əsas anlayışların vahid tərifi olmadığından dövlət dəstəyinin və vergi güzəştlərinin tətbiqində mübahisələr yaranır. Subsidiya mexanizmləri əsasən müəyyən hüquqi qüvvəli aktlarla tənzimlənir, istehsalçılar arasında səmərəliliyə görə fərq qoyulmur. Layihə bu problemlərin sistemli həllinə yönəlib. İlk növbədə 47 əsas anlayış qanun səviyyəsində vahid sistem şəklində təsbit olunur. İlkin emalla sənaye emalı arasındakı sərhəd konkret texnoloji əməliyyatlarla müəyyən edilir. Bununla dəstəyin hansı fəaliyyətə şamil olunduğu sualına dəqiq cavab verilir. İkinci mühüm yenilik dövlət dəstəyi ilə bağlıdır. Aqrar məhsul istehsalçıları iki kateqoriyaya ayrılır: sahibkarlıq məqsədli fermerlər və ailə-kəndli təsərrüfatlarını əhatə edən digər istehsalçılar. Subsidiyadan güzəştli kreditə, sığortadan dövlət-özəl tərəfdaşlığına qədər on iki dəstək aləti ilk dəfə qanunda sadalanır. Dəstək informasiya sistemindəki məlumatlar və istehsalçıların reytinqi əsasında göstəriləcək. Reytinq iqtisadi səmərəliliyi və vəsaitin təyinatı üzrə istifadəsini qiymətləndirir. Bu o deməkdir ki, dövlət vəsaiti real nəticə göstərən istehsalçıya yönələcək.
Layihə dövlətin aqrar sahədəki vəzifələrini də 32 istiqamət üzrə dəqiqləşdirir. Onların arasında vergi intizamı və maliyyə şəffaflığı, qeyri-formal məşğulluğun azaldılması, qadınların və gənclərin aqrar fəaliyyətə cəlb edilməsi var. Dövlət nəzarəti sahibkarlıq sahəsində yoxlamalara dair qanunun tələbləri çərçivəsində aparılacaq. Bu isə istehsalçını əsassız müdaxilədən qoruyur.

Üçüncü istiqamət torpaq və su ehtiyatlarıdır. Torpaq dövlət tərəfindən qorunan əsas istehsal vasitəsi kimi tanınır. Xırdalanmanı vahid əkin, konsolidasiya və kooperasiya yolu ilə azaltmaq nəzərdə tutulur. Yararlı torpaqların istifadəsiz saxlanılmasının və əkin yerlərinin yandırılmasının da qarşısı alınacaq. Su itkilərini azaldan suvarma sistemləri və bitki növləri üzrə suvarma normaları qanunun predmetinə daxildir. Aqrar qanunvericilikdə ilk dəfə iqlim dəyişikliklərinə adaptasiya tədbirləri ayrıca maddə ilə tənzimlənir. Layihədə kənd yerlərinin inkişafına da xüsusi yer ayrılıb. Aqroparklar, aqroklasterlər, logistika infrastrukturu və aqroturizm vahid yanaşma ilə tənzimlənir. Fermer mağazasından elektron platformaya qədər satış yerlərinin növləri müəyyən olunur, kooperativlərə öz satış yerlərini təşkil etmək hüququ verilir. Bu, istehsalçının bazara birbaşa çıxışını xeyli asanlaşdıracaq.

Qanun qəbul edildikdən sonra "Taxıl haqqında", "Çayçılıq haqqında", "Pambıqçılıq haqqında" və "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanunlar ləğv olunur. Onların aktual müddəaları yeni qanuna daxil edilir. Digər sahəvi qanunlar qüvvədə qalır və baza qanunla əlaqələndirilir. Qanunun icrası üçün subsidiyalaşdırma və reytinq qaydaları, aqrotexniki tələblər kimi tətbiqi aktlar hazırlanacaq. Bu model Türkiyə, Rusiya və Qazaxıstanda tətbiq olunur. Avropa İttifaqının Ümumi Kənd Təsərrüfatı Siyasəti də dəstəyin hədəflənməsi və istehsalçıların vahid qeydiyyatı prinsiplərinə əsaslanır. Hesab edirik ki, layihənin qəbulu dövlət dəstəyini daha ünvanlı və şəffaf edəcək, resurslardan səmərəli istifadəni təmin edəcək. Kənd yerlərində məşğulluq və gəlirlərin artımına xidmət edəcək, nəticədə ərzaq təhlükəsizliyimiz möhkəmlənəcək".

Anar Kəlbiyev