Sürücülük hüququ olmadan avtomobil idarə edən gəncin sürət həddini aşması digərinin həyatına son qoyub.
"Unikal" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, bu gün saat 02:45-də Qax şəhəri ərazisində, şəhər sakini 18 yaşlı Kamran Məmmədovun sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi "Opel" markalı avtomobili maneəyə vurması nəticəsində sərnişini - 17 yaşlı həmyerlisi Elcan Muxtarov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Avtomobildə olan digər sərnişinlər - Ziyad Şahməliyev, Mürsəl Muxtarov, Abdutolif Şahmalı və Ərhan Əlizadə isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
İlkin ehtimala görə, hadisəyə səbəb yüksək sürət amili göstərilir. Belə ki, anidən idarəetmədən çıxan avtomobil əvvəlcə işıq dirəyinə, sonra isə qarşı hərəkət zolağına çıxaraq yaşayış evinin divarına çırpılıb.

























































