Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın söndürülüb.

Yanğın nəticəsində üçotaqlı evin bir otağında yataq dəsti və döşəmə yanıb. Hadisə nəticəsində 1984-cü il təvəllüdlü Hüseynova Nüşabə Musa qızı vəfat edib.

Evin böyük hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.