Müasir dünyada din mövzusu artıq təkcə mənəvi dəyərlərlə məhdudlaşmır. Müxtəlif regionlarda dini mənsubiyyət geosiyasi qarşıdurmaların, informasiya manipulyasiyalarının və cəmiyyətlərin parçalanmasına yönəlmiş kampaniyaların əsas alətlərindən birinə çevrilib. Belə bir dövrdə dini mövzuların mediada məsuliyyətli təqdimatı və cəmiyyətə doğru şəkildə çatdırılması xüsusi əhəmiyyət kəsb edir.

Məhz bu kontekstdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" adlı konfrans təşkil etdi. Tədbir çərçivəsində jurnalistlər üçün Quba rayonuna mediatur təşkil olunması yalnız tarixi abidələrin tanıdılması deyil, həm də Azərbaycanın dini-mədəni irsinin canlı nümunələrinin yerində müşahidə edilməsi baxımından diqqətçəkən təşəbbüs idi.

Quba təsadüfən seçilmiş məkan deyil. Azərbaycanın tarixində müxtəlif millətlərin və dini icmaların əsrlər boyu yanaşı yaşadığı bölgələrdən biri olan bu rayon ölkədə formalaşmış tolerantlıq ənənələrinin real nümunələrini özündə qoruyub saxlayır.

Mediatur iştirakçıları əvvəlcə XIX əsrdə inşa edilən "Cümə" məscidini ziyarət etdilər.

İnsanları düşmən edən din deyilmiş - Quba nümunəsi (FOTOLAR)

Qubanın dini həyatında xüsusi yer tutan bu ibadət məkanı təkcə memarlıq baxımından deyil, həm də şəhərin mənəvi tarixinin ayrılmaz hissəsi kimi diqqət çəkir. Dövlət tərəfindən tarixi-memarlıq abidəsi kimi qorunan məscid uzun illərdir fəaliyyətini davam etdirir.

Növbəti dayanacaq "Səkinəxanım" məscidi oldu. XIX əsrin ortalarında Səkinə xanım Bakıxanovanın şəxsi vəsaiti hesabına inşa edilən bu ibadətgah həm memarlıq xüsusiyyətləri, həm də tarixi əhəmiyyəti ilə seçilir. Qırmızı kərpicdən tikilmiş məscid bu gün də qorunaraq dini icmanın istifadəsindədir və Azərbaycanın dini-mədəni irsinin mühüm nümunələrindən biri hesab olunur.

Bu məscidləri gəzərkən nənəmin illər öncə dinlə bağlı danışdıqları gözümün önündən keçirdi. Sovetlər dönəmində kəndimizdə məscid tikilməsinə hamı razı olsa da, bunun üçün təkcə ulu babam öz torpağının bir hissəsini bağışlamışdı. Lakin bu məscidlər kimi, bizim kəndin məscidi də müstəqilliyimizi yenidən qazanana qədər qara qıfıllarla bağlı qaldı. İndi həmin məscidlərdən Quran ayələri ucalır...

İnsanları düşmən edən din deyilmiş - Quba təsadüfən seçilməyib (FOTOLAR)

Mediaturun ən diqqətçəkən hissələrindən biri isə Qırmızı Qəsəbəyə səfər idi. Dünyada dağ yəhudilərinin kompakt şəkildə yaşadığı nadir yaşayış məntəqələrindən biri kimi tanınan bu qəsəbədə yerləşən XIX əsrə aid "Altıgünbəz" sinaqoqu xüsusi təəssürat yaratdı. Vaxtilə bölgənin əsas ibadət məkanlarından biri olmuş bu sinaqoq da kommunistlərin dövründə müxtəlif məqsədlər, o cümlədən corab tikilməsi üçün istifadə olunub. Lakin 1990-cı illərdən sonra sinaqoq bərpa olunub. O, bu gün də dini həyatın ayrılmaz hissəsi olaraq fəaliyyət göstərir.

Lakin bu səfərin yadda qalan məqamı yalnız tarixi binalar deyildi.

"Cümə" məscidi ilə "Altıgünbəz" sinaqoqunun bir-birinə bu qədər yaxın yerləşməsi Azərbaycanın dini harmoniyasını izah edən ən sadə, lakin ən təsirli mənzərələrdən biridir. Burada minarədən yüksələn azan səsi ilə sinaqoqun əsrlərin yaddaşını yaşadan divarları eyni şəhərin, eyni cəmiyyətin və eyni dövlətin bir hissəsidir. Aralarında sərhəd, qarşıdurma və ya ayrı-seçkilik yoxdur. Əksinə, qarşılıqlı hörmət və normal gündəlik həyat var.

İnsanları düşmən edən din deyilmiş - Quba nümunəsi (FOTOLAR)

Bu mənzərə statistik göstəricilərdən və rəsmi hesabatlardan daha çox şey ifadə edir. Çünki tolerantlıq yalnız qanunlarda yazılan prinsip deyil, insanların gündəlik münasibətlərində yaşanan dəyərdir.

Bugünkü beynəlxalq mənzərə isə tam fərqli görüntülər təqdim edir. Dünyanın müxtəlif bölgələrində dini zəmində qarşıdurmalar, ibadət yerlərinə hücumlar, nifrət çağırışları və radikallaşma halları artmaqda davam edir. Yaxın Şərqdə uzun illər davam edən gərginliklər, xüsusilə İran və İsrail arasında yaşanan qarşıdurmalar fonunda din amili çox vaxt siyasi mübarizənin əsas elementlərindən biri kimi təqdim olunur. Münaqişələrin yaratdığı humanitar fəsadlar isə göstərir ki, dini fərqliliklərdən qarşıdurma vasitəsi kimi istifadə edilməsi cəmiyyətlər üçün ağır nəticələr doğurur.

Azərbaycanın fərqi isə məhz burada üzə çıxır.

Bu ölkədə müxtəlif dinlərin nümayəndələri eyni küçədə yaşayır, eyni məktəbdə təhsil alır, eyni dövlət bayrağı altında birgə fəaliyyət göstərirlər. Məscidlər, sinaqoqlar və kilsələr təkcə memarlıq abidələri deyil, ölkənin sosial həyatının təbii tərkib hissəsidir. Burada dini müxtəliflik rəqabət deyil, zənginlik kimi qəbul edilir.

İnsanları düşmən edən din deyilmiş - Quba nümunəsi (FOTOLAR)

Mediatur bir daha göstərdi ki, Azərbaycanın tolerantlıq modeli yalnız beynəlxalq platformalarda səsləndirilən tezis deyil. Bu model Qubanın küçələrində, Qırmızı Qəsəbənin həyətlərində, yanaşı fəaliyyət göstərən ibadət məkanlarında və insanların gündəlik münasibətlərində görünür.

Bu baxımdan medianın üzərinə də mühüm məsuliyyət düşür. Dini mövzuların sensasiya naminə deyil, faktlara söykənərək, cəmiyyətin birliyini və qarşılıqlı hörmət mühitini gücləndirəcək şəkildə işıqlandırılması ictimai sabitliyin qorunmasına xidmət edir.

Bu gün dünyanın müxtəlif nöqtələrində dinlər bəzən münaqişələrin adı ilə xatırlanırsa, Azərbaycanın pəncərəsindən baxanda fərqli mənzərə görünür. Burada dinlər insanları ayırmır, əksinə, onları ortaq tarix, qarşılıqlı hörmət və birgəyaşayış mədəniyyəti ətrafında birləşdirən mənəvi körpüyə çevrilir.

Sözügedən reallıq mühüm bir nəticəyə gəlməyə əsas verir: insanları bir-birinə düşmən edən din deyil, dini ayrı-seçkilik və qarşıdurma vasitəsinə çevirən idarəetmə modelləri, siyasi manipulyasiyalar və nifrəti qidalandıran ideologiyalardır. Ədalətli hüquqi mühit, vicdan azadlığının təmin olunması və qarşılıqlı hörmət prinsipləri üstün tutulduqda dini müxtəliflik cəmiyyət üçün risk deyil, sosial həmrəyliyi gücləndirən amilə çevrilir.

Azərbaycanın təcrübəsi də məhz bunu nümayiş etdirir: dövlət idarəçiliyi inklüziv yanaşmaya, hüquqi bərabərliyə və dini etiqad azadlığına əsaslandıqda fərqli inanclar qarşıdurma mənbəyi deyil, ortaq cəmiyyətin zənginliyinə çevrilə bilir.

Ağarza Elçinoğlu