14 iyul 2026-cı il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin ildönümünə həsr olunmuş “Milli inkişaf yolunun başlanğıcı” mövzusunda dəyirmi masa keçirilib.
"Unikal" xəbər verir ki, Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı bələdiyyəsinin və Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, həmçinin rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri iştirak ediblər.
Tədbir Rayon İcra Hakimiyyətinin inzibati binasının birinci mərtəbəsində Ulu Öndər Heydər Əliyevin büstü önünə gülqoyma mərasimi ilə başlayıb. Daha sonra tədbirin rəsmi hissəsinə keçid edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bildirib ki, 14 iyul 1969-cu il Azərbaycan tarixində mühüm dönüş nöqtəsi olmaqla, ölkəmizin milli inkişaf yolunun başlanğıcını təşkil edir. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycanın ictimai-siyasi, iqtisadi, sənaye, elm, təhsil və mədəni həyatında əsaslı islahatlar həyata keçirilib, respublikanın hərtərəfli inkişafı təmin olunub, gələcək dövlət müstəqilliyi üçün möhkəm siyasi, iqtisadi və milli kadr potensialı formalaşdırılıb. Vasif İmanov vurğulayıb ki, Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycan keçmiş ittifaq məkanında qabaqcıl respublikalardan birinə çevrilib, ölkənin sənayesi və kənd təsərrüfatı inkişaf etdirilib, yeni istehsal müəssisələri yaradılıb, minlərlə azərbaycanlı gəncin nüfuzlu ali məktəblərdə təhsil almasına şərait yaradılıb. Onun sözlərinə görə, həmin dövrdə əsası qoyulan inkişaf strategiyası sonradan Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında həlledici rol oynayıb. Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir. Azərbaycanın son illərdə əldə etdiyi mühüm nailiyyətlər, ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpası, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun daha da artması məhz bu müdrik siyasətin uğurlu nəticəsidir. Çıxışının sonunda Vasif İmanov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi bundan sonra da Azərbaycanın inkişafına və tərəqqisinə xidmət edəcək.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov qeyd edib ki, bu il iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümü qeyd olunur. O bildirib ki, 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi respublikamızın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Məhz həmin tarixdən etibarən Azərbaycan tənəzzül və durğunluq dövrünü geridə qoyaraq milli inkişaf, tərəqqi və intibah yoluna qədəm qoyub. Emil Abasov vurğulayıb ki, həmin dövrdə sosial-iqtisadi, elmi, mədəni və mənəvi sahələrdə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində ardıcıl və məqsədyönlü islahatlara başlanılıb. Ulu Öndər Heydər Əliyevin uzaqgörən rəhbərliyi nəticəsində respublikanın iqtisadi potensialı gücləndirilib, sənaye və kənd təsərrüfatı inkişaf etdirilib, elm, təhsil və mədəniyyət sahələrində mühüm nailiyyətlər əldə olunub. Eyni zamanda, cəmiyyətdə sağlam mənəvi-psixoloji mühit formalaşıb, milli özünüdərk və milli şüurun yüksəlişi üçün əlverişli zəmin yaranıb. Bütün bunlar Azərbaycanın gələcək dövlət müstəqilliyinin möhkəm siyasi, iqtisadi və ideoloji əsaslarının formalaşmasında həlledici rol oynayıb.
Çıxış edən “Pirallahı Tibb Mərkəzi” PHŞ-nin direktoru Şöhrət Söyziyev Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, xalqın rifahının yüksəldilməsi və bütün sahələrdə əsaslı islahatların həyata keçirilməsi istiqamətində gördüyü misilsiz xidmətlərdən bəhs edib. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev səhiyyənin inkişafını dövlət siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyənləşdirərək əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunmasına, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, yüksəkixtisaslı tibb kadrlarının hazırlanmasına və səhiyyə sisteminin müasirləşdirilməsinə daim xüsusi diqqət yetirib. Məhz onun müəyyənləşdirdiyi inkişaf strategiyası ölkədə səhiyyə sahəsində həyata keçirilən genişmiqyaslı islahatların əsasını təşkil edib.Şöhrət Söyziyev həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu strateji xətt uğurla davam etdirilir, səhiyyə infrastrukturunun yenilənməsi, müasir tibbi texnologiyaların tətbiqi və əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması istiqamətində mühüm addımlar atılır. O, həmçinin bildirib ki, TƏBİB-in fəaliyyəti və icbari tibbi sığorta sisteminin tətbiqi səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnuniyyətinin artırılması və hər kəs üçün bərabər tibbi xidmət imkanlarının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Çıxış edən Pirallahı bələdiyyəsinin və Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Xəzər rayonu üzrə sektorunun baş məsləhətçisi İlqar Məmmədli bildiriblər ki, azərbaycançılıq məfkurəsinin müəllifi olan Heydər Əliyev müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Qeyd olunub ki, hələ sovet dövründə Heydər Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın gələcək müstəqilliyinə hesablanmışdı. Vətənpərvər ziyalıların və yaradıcı insanların sovet repressiyalarından qorunması, milli tariximizin dərindən öyrənilməsi və bu istiqamətdə ciddi elmi əsərlərin yaradılması, minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi, milli hərbi kadrların yetişdirilməsi, təhlükəsizlik orqanlarının milliləşdirilməsi və digər mühüm addımlar məhz bu məqsədə xidmət edirdi. Nəticədə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi və 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdan Ulu Öndər müstəqil dövlətimizin sarsılmaz təməllərini qoydu. Ötən dövr ərzində Azərbaycan həmin möhkəm təməllər üzərində inkişaf edərək bugünkü qüdrətli səviyyəsinə yüksəlib.





























.jpg)


















