Gürcüstanın Türkiyədəki səfiri Arçil Kalandia Batumidə keçirilən futbol qarşılaşması zamanı baş verən insidentlərlə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

"Unikal" Anadolu Agentliyinə istinadən xəbər verir ki, noyabrın 27-də səfir Kalandia Türkiyə Xarici İşlər Nazirliyinə dəvət olunaraq Beşiktaşın UEFA Avropa Liqası çərçivəsində Batumidə İsrailin “Hapoel Beer-Sheva” komandası ilə keçirdiyi matç zamanı yaşanan hadisələrlə bağlı Türkiyənin narazılığına çatdırılıb.

Türkiyə Xarici İşlər Nazirliyinin mənbələri bildiriblər ki, görüş zamanı hadisələrlə bağlı müxtəlif sübutlar da qarşı tərəfə təqdim edilib.

Ankara hadisələrin bütün təfərrüatları ilə araşdırılmasını, Türkiyə vətəndaşlarına qarşı qeyri-mütənasib güc tətbiqində və müdaxilədə məsuliyyət daşıyan şəxslər barəsində zəruri hüquqi tədbirlərin görülməsini tələb edib.

Qeyd edək ki, noyabrın 26-da Batumidə keçirilən Beşiktaş – “Hapoel Beer-Sheva” qarşılaşması zamanı tribunada azarkeşlərlə polis arasında qarşıdurma yaranıb. Hadisələrdən sonra oyun müvəqqəti dayandırılıb. Qarşılaşma sonradan bərpa olunub və Beşiktaş 2:1 hesabı ilə qalib gəlib.