Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfəri çərçivəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

MDB Parlamentlərarası Assambleyasının Tükmənistanda keçirilən Şura və 61-ci plenar iclasları çərçivəsində reallaşdırılan görüşdə MDB PA-nın ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı platforma olduğu diqqətə çatdırılıb.

Bildirilib ki, hər iki ölkənin parlamentləri ölkələrimizin liderlərinin müəyyən etdiyi siyasi xəttə dəstək verərək, əlaqələrin hərtərəfli gücləndirilməsinə sadiqdirlər.

Görüşdə parlament diplomatiyasının əhəmiyyəti vurğulanıb, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Qeyd olunub ki, bu baxımdan Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyası əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm əhəmiyyətə malikdir.

Söhbət zamanı ölkələrimiz və xalqlarımız arasında mövcud olan əlaqələrin parlamentlər çərçivəsində də davam etdirildiyi qeyd olunub. Parlamentarilərin Rusiya və Azərbaycan arasında əməkdaşlığın bütün spektrinin gücləndirilməsindəki rolu vurğulanıb, beynəlxalq parlament platformalarında qarşılıqlı fəaliyyətin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının mühüm roluna da toxunulub, bununla yanaşı humanitar əlaqələrin vacibliyi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.