Rusiya Xarici İşlər Nazirliyi Moldovanın Moskvadakı səfiri Lilian Darini XİN-ə çağırıb.

“Unikal” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, moldovalı diplomata oktyabrın 23-də Kişinyovda yerləşən Rusiya səfirliyinin əməkdaşının persona non grata (arzuolunmaz şəxs) elan edilməsinə görə qəti etiraz bildirilib.

Rusiya tərəfi bu qərarın respublika ərazisində partlayıcı maddə daşıdığı iddia edilən pilotsuz uçuş aparatının qalıqlarının aşkarlanması ilə əsaslandırıldığını qeyd edib.

Rusiya XİN-dən bildirilib ki, pilotsuz uçuş aparatının Rusiyaya məxsus olduğunu təsdiqləyən heç bir sübutun olmaması Moldovanın qərarının əsassız olduğunu göstərir. Qeyd olunub ki, bu addım iki ölkə arasında çoxəsrlik münasibətlərin daha da pozulmasına və Rusiyanın Kişinyovdakı diplomatik nümayəndəliyinin fəaliyyətinə maneələrin yaradılmasına yönəlib.

Məlumata görə, Rusiya tərəfi qarşılıqlılıq prinsipinə əsaslanaraq Moldovanın Moskvadakı səfirliyinin əməkdaşlarından birini də arzuolunmaz şəxs elan edib. Bununla bağlı Lilian Darinə Rusiya XİN-in müvafiq notası təqdim olunub.

Qeyd edək ki, bundan əvvəl Moldova Xarici İşlər Nazirliyi ölkə ərazisinə naməlum pilotsuz uçuş aparatlarının düşməsi ilə əlaqədar Rusiyanın Moldovadakı səfiri Oleq Ozerovu XİN-ə çağırmışdı.