Ötən gün İzmirin Əliağa rayonundakı HABAŞ Dəmir və Polad Zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 18-ə çatıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 18-ci qurbanın şəxsiyyəti ilə bağlı hələlik heç bir məlumat verilməyib.  

Partlayışda həyatını itirən işçilərin yarılması və şəxsiyyətinin müəyyənləşdirilməsi prosedurları İzmir Məhkəmə Tibbi Ekspertizası İnstitutunda gecə boyu davam edib.Cəsədlərdən və ailələrdən götürülmüş nümunələrdən istifadə edərək DNT müqayisələri aparılıb. Ölən işçilərin adları və dəfn ediləcəkləri qəbiristanlıqlar bu gün müəyyən edilib. İşçilərin dəfn mərasimləri İzmir, Manisa, Afyonkarahisar və Kırıkkale şəhərlərində keçiriləcək.

Qeyd edək ki, partlayışa ilkin səbəb maye polad tökülərkən üst kranın çökməsi və təbii qaz xəttinə düşməsi göstərilib. Hadisə ilə əlaqədar 11 nəfər saxlanılıb.