Türk Dövlətləri Təşkilatının (TDT) genişlənməsi məsələsi artıq yalnız türk dünyasının inteqrasiyası çərçivəsində müzakirə olunmur. Təşkilatın beynəlxalq siyasi çəkisinin artması, Mərkəzi Asiyada yeni geosiyasi reallıqların formalaşması və böyük güclərin regiona marağının güclənməsi TDT-ni daha geniş siyasi müzakirələrin mərkəzinə gətirib.

Bu baxımdan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyanın təşkilata üzvlüyü ilə bağlı səsləndirdiyi təklif və ardınca Ankaradan gələn açıqlamalar diqqətçəkən məqamdır.

Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, söhbət sadəcə Rusiyanın TDT-yə qoşulmaq istəyindən getmir. Burada təşkilatın kimliyi, ortaq dil və mədəniyyət prinsipləri, üzvlük meyarları, eləcə də türk dövlətlərinin gələcək inteqrasiya modelinin qorunması kimi fundamental məsələlər dayanır. Başqa sözlə, Rusiya məsələsi TDT qarşısında yeni bir sual qoyur: təşkilat geosiyasi maraqlar naminə öz təsis prinsiplərini nə dərəcədə genişləndirə bilər?

Oktyabrın 30-da Ankarada keçirilən TDT-nin 13-cü Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın təşkilatla əməkdaşlığının genişləndirilməsini təklif edib. Tokayev Rusiyanın birbaşa tamhüquqlu üzvlüyünü deyil, müşahidəçi statusunu və ya TDT+ formatında iştirakını gündəmə gətirib. O, Rusiyanın əsrlər boyu türk dünyası ilə tarixi əlaqələrə malik olduğunu, ölkə ərazisində çoxsaylı türk xalqlarının yaşadığını və Moskvanın təşkilatla əməkdaşlığının bütün tərəflər üçün faydalı ola biləcəyini bildirib. 

Rusiya postsovet məkanında özünün ənənəvi təsir imkanlarını qorumağa çalışır. Bununla yanaşı, Mərkəzi Asiya dövlətlərinin xarici siyasətdə daha çoxşaxəli xətt yürütməsi, Türkiyə ilə münasibətlərin dərinləşməsi və Azərbaycanın tranzit imkanlarının artması regionda yeni əməkdaşlıq platformalarının əhəmiyyətini artırır.

Xüsusilə Orta Dəhlizin inkişafı TDT üzvlərinin geoiqtisadi əhəmiyyətini yüksəldir. Çin və Avropa arasında alternativ nəqliyyat marşrutlarının aktuallaşması türk dövlətlərini yalnız regional deyil, qlobal iqtisadi proseslərin də mühüm iştirakçılarına çevirir.

Belə bir şəraitdə Moskvanın TDT-yə yaxınlaşmaq istəyi anlaşılandır. Rusiya təşkilat daxilində qərarların qəbulunda iştirak etmək, türk dövlətləri ilə münasibətlərini daha geniş institusional müstəviyə daşımaq və regionda formalaşan yeni əməkdaşlıq mexanizmlərindən kənarda qalmamaq istəyir.

Kremlin sözçüsü Dmitri Peskov da Tokayevin təşəbbüsünə müsbət münasibət bildirib. O, Rusiyanın TDT-də iştirakının başadüşülən və məqsədəuyğun olacağını söyləyib. Bununla belə, Moskvanın hələlik rəsmi dəvət almadığını da vurğulayıb. Peskovun diqqətçəkən digər fikri isə Rusiyanın ayrı-ayrı respublikalarının deyil, bütövlükdə Rusiya Federasiyasının təşkilatda iştirak etməsi ilə bağlı olub. 

Bu sonuncu məqam əslində problemin mahiyyətini açır. Çünki Rusiyanın tərkibində çoxsaylı türk xalqları yaşasa da, Rusiya Federasiyasının özü türk dövləti deyil.

Tokayevin təklifindən sonra Ankaranın mövqeyi məsələnin istiqamətini dəyişdi. AK Partiyanın sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbəri Kürşad Zorlu Anadolu Agentliyinə açıqlamasında Rusiyanın TDT-yə müşahidəçi üzv kimi qəbul olunması məsələsinin təşkilatın mövcud qaydaları əsasında qiymətləndirilməli olduğunu bildirib.

Zorlunun açıqlamasında ən mühüm məqam müşahidəçi statusu ilə bağlı dil tələbidir.

Onun sözlərinə görə, 2021-ci ildə İstanbulda keçirilən Zirvə görüşündə qəbul edilmiş qaydalara əsasən, müşahidəçi statusu almaq istəyən dövlət türk dillərindən və ya qohum dillərdən birini yalnız müəyyən bölgəsində deyil, ölkənin bütün ərazisində dövlət və ya rəsmi yazışma dili kimi tanımalıdır.

Bu tələb Rusiyanın qarşısında ciddi hüquqi maneə yaradır. Belə ki, Tatarıstan, Başqırdıstan, Saxa (Yakutiya), Tuva və digər respublikalarda türk dillərinin müəyyən dövlət statusu olsa da, həmin dillər Rusiya Federasiyasının bütün ərazisində rəsmi dil hesab edilmir.

Zorlu buna görə də Rusiyanın müşahidəçi statusu məsələsində mövcud qaydaların nəzərə alınmalı olduğu bildirilib. O, alternativ olaraq TDT+ formatını göstərib və mümkün müraciətin bütün üzv dövlətlərin razılığı əsasında qiymətləndiriləcəyini vurğulayıb. 

Kürşad Zorlu Türkiyənin hakim partiyasının yüksək vəzifəli nümayəndəsidir, lakin onun açıqlaması TDT-nin bütün üzvləri adından qəbul edilmiş qərar deyil. Əslində Ankara Rusiyanın iştirakına tamamilə qapını bağlamır, sadəcə mövcud qaydaların kənara qoyulmasına razı olmadığını nümayiş etdirir.

Bu yanaşma təşkilatın gələcək inkişafı baxımından da əhəmiyyətlidir. Çünki TDT-nin gücü yalnız üzvlərinin sayında deyil, ortaq dil, tarix, mədəniyyət və dövlətçilik prinsipləri ətrafında formalaşan inteqrasiyadadır.

Məsələnin ən maraqlı və eyni zamanda mürəkkəb tərəfi budur ki, Rusiya TDT-yə müşahidəçi üzv olmaq istəyirsə, türk dillərindən birini ölkə miqyasında rəsmi dil kimi qəbul edə bilərmi?

Nəzəri baxımdan dövlətin dil siyasətini dəyişməsi mümkündür. Ancaq Rusiyanın siyasi, hüquqi və demoqrafik reallıqları nəzərə alındıqda, bunun yaxın perspektivdə baş verməsi real görünmür.

Rusiya Federasiyasının Konstitusiyasının 68-ci maddəsinə əsasən, rus dili ölkənin bütün ərazisində dövlət dilidir. Eyni zamanda, federasiyaya daxil olan respublikalara öz dövlət dillərini müəyyənləşdirmək hüququ verilir. Həmin dillər müvafiq respublikalarda dövlət qurumlarında rus dili ilə yanaşı istifadə oluna bilər. 

Məsələn, Tatarıstanda tatar, Başqırdıstanda başqırd, Saxa Respublikasında saxа (yakut), Tuvada isə tuva dili dövlət dili statusuna malikdir.

Lakin regional səviyyədəki bu statusu bütün Rusiya ərazisinə şamil etmək tamam başqa məsələdir.

Təsəvvür edək ki, Moskva TDT-yə müşahidəçi üzv olmaq üçün tatar dilini ölkə üzrə rəsmi dil elan edir. Bu halda həmin dilin yalnız Tatarıstanda deyil, Rusiyanın bütün federal subyektlərində rəsmi yazışmalarda istifadə imkanının yaradılması məsələsi ortaya çıxacaq. Bunun üçün hüquqi dəyişikliklərlə yanaşı, geniş institusional və inzibati hazırlıq da tələb olunacaq.

Daha vacibi isə siyasi məsələdir. Rusiya çoxmillətli və çoxdilli federasiyadır. Bir türk dilinin ölkə miqyasında rəsmi status alması digər xalqların və respublikaların dil məsələsini də gündəmə gətirə bilər. Bu isə Moskvanın mövcud dil siyasətində ciddi dəyişiklik deməkdir.

Digər tərəfdən, Rusiyanın 2015-ci ildən etibarən öz tərkibindəki bəzi türk respublikalarının TÜRKSOY ilə əməkdaşlığını faktiki dondurması da diqqətə alınmalıdır. Kürşad Zorlu məhz bu məsələyə toxunaraq Altay, Tuva, Çuvaş, Başqırdıstan, Saxa və Tatarıstanın TÜRKSOY çərçivəsində mədəni əlaqələrinin yenidən canlandırılmasını təklif edib. 

Belə olan halda, Moskvanın bir tərəfdən türk respublikalarının beynəlxalq mədəni əlaqələrini məhdudlaşdırması, digər tərəfdən isə TDT-də iştirak etmək istəməsi müəyyən ziddiyyət yaradır.

Rusiya üçün əsas sual türk xalqları ilə tarixi əlaqələrin mövcudluğu deyil, həmin əlaqələrin dövlət siyasətində hansı səviyyədə tanınmasıdır.

Rusiyanın TDT-yə marağını qiymətləndirərkən MDB amilini də nəzərdən qaçırmaq olmaz. Çünki Moskvanın postsovet məkanında əsas siyasi və iqtisadi əməkdaşlıq platformalarından biri məhz Müstəqil Dövlətlər Birliyidir.

1991-ci ildə yaradılan MDB-nin təsisçilərindən biri Rusiya olub. Təşkilat postsovet dövlətləri arasında siyasi, iqtisadi, humanitar və digər istiqamətlərdə əməkdaşlığın davam etdirilməsi məqsədilə formalaşdırılıb. 

Ancaq TDT ilə MDB-nin mahiyyəti və fəaliyyət prinsipləri eyni deyil.

MDB postsovet siyasi məkanının ümumi tarixindən və keçmiş sovet respublikaları arasında əməkdaşlıq ehtiyacından meydana gəlib. TDT isə ortaq türk dili, tarixi, mədəniyyəti və etnik-mədəni yaxınlıq üzərində qurulub.

Bu fərq Rusiyanın hər iki təşkilata münasibətini də müəyyənləşdirir.

MDB Rusiyaya postsovet məkanında mövcud əlaqələrini qorumaq üçün ənənəvi platforma təqdim edir. TDT isə Moskva üçün Mərkəzi Asiya, Azərbaycan və Türkiyə ilə münasibətləri fərqli institusional çərçivədə genişləndirmək imkanı yarada bilər.

Lakin TDT-nin MDB-dən fərqli olaraq özünəməxsus kimliyi var. Bu kimlik təşkilatın fəaliyyətində əsas müəyyənedici amildir. Rusiyanın həmin platformaya yaxınlaşması ilə təşkilatın təsis prinsiplərinin dəyişdirilməsi isə eyni şey deyil.

Hazırkı vəziyyətdə Rusiyanın TDT ilə münasibətlərini inkişaf etdirməsi üçün ən real mexanizm TDT+ formatıdır.

Bu model təşkilata üzv olmayan dövlətlərlə qarşılıqlı maraqlar əsasında əməkdaşlıq imkanları yaradır. Kürşad Zorlunun açıqlamasından da görünür ki, Ankara Rusiyanın TDT ilə əlaqələrinin inkişafını tamamilə istisna etmir. Sadəcə, bu əməkdaşlığın müşahidəçi üzvlükdən fərqli mexanizmlə həyata keçirilməsini mümkün hesab edir.

TDT+ formatı Rusiyaya türk dövlətləri ilə yüksək səviyyəli siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat və logistika layihələri üzrə müzakirələr aparmaq imkanı verə bilər. Bunun üçün Rusiyanın təşkilatın üzvlük və müşahidəçilik meyarlarına uyğunlaşması tələb olunmur.

Digər mümkün istiqamət TÜRKSOY çərçivəsində əlaqələrin bərpasıdır. Rusiyanın tərkibindəki türk respublikalarının bu qurumla əməkdaşlığının yenidən canlandırılması mədəni münasibətlərin inkişafına töhfə verə bilər. Ancaq bunun üçün Moskvanın da müvafiq siyasi və inzibati qərarları vacibdir.

Rusiya məsələsi Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan TDT-nin təsisçi üzvlərindən biri kimi təşkilatın siyasi, iqtisadi və mədəni inteqrasiyasının inkişafında mühüm rol oynayır.

Bakı üçün TDT yalnız tarixi və mədəni yaxınlığın ifadəsi deyil. Bu təşkilat Orta Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin genişləndirilməsi, Xəzər hövzəsinin tranzit imkanlarının artırılması və Türk dünyasının beynəlxalq mövqelərinin möhkəmləndirilməsi baxımından mühüm platformadır.

Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat infrastrukturu, Türkiyə ilə strateji müttəfiqliyi və Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən münasibətləri bu prosesdə ölkəmizin rolunu artırır.

Rusiya kimi böyük dövlətin TDT ilə əməkdaşlığının genişlənməsi müəyyən iqtisadi və nəqliyyat imkanları yarada bilər. Xüsusilə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin əlaqələndirilməsi baxımından Moskva ilə dialoq praktiki əhəmiyyət daşıya bilər.

Ancaq əməkdaşlıqla üzvlük arasında ciddi fərq var. TDT-nin genişlənməsi təşkilatın mövcud kimliyini və qərarvermə mexanizmlərini zəiflətməməlidir. Bu baxımdan Azərbaycanın marağı türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsi, təşkilatın müstəqil siyasi platforma kimi mövqeyinin qorunması və qarşılıqlı faydalı beynəlxalq tərəfdaşlıqların inkişafıdır.

Rusiya ilə əməkdaşlıq da məhz bu prinsiplər çərçivəsində qiymətləndirilməlidir.

Bütün bunları nəzərə aldıqda, Rusiyanın yaxın perspektivdə TDT-yə müşahidəçi üzv qəbul edilməsi qarşısında ciddi hüquqi və siyasi maneələrin olduğu görünür. Xüsusilə ölkə miqyasında türk dillərindən birinə rəsmi status verilməsi tələbi Moskvanın mövcud konstitusion və inzibati sistemi ilə uyğun gəlmir.

Rusiya tatar, başqırd, tuva, saxа və digər türk xalqlarının yaşadığı böyük dövlətdir. Lakin bu reallıq avtomatik olaraq Rusiya Federasiyasını türk dövlətinə çevirmir. Yəni bozqurdla boz ayı ayrı yolun yolçularıdır. Ayrı-ayrı türk xalqlarının mövcudluğu ilə bütövlükdə dövlətin türk dünyasının institusional platformasına üzvlük meyarlarına cavab verməsi fərqli məsələlərdir.

Digər tərəfdən, TDT-nin də qarşısında seçim var: təşkilat özünü yalnız üzvlük meyarlarına uyğun gələn dövlətlərin birliyi kimi inkişaf etdirəcək, yoxsa üçüncü ölkələrlə daha geniş əməkdaşlıq mexanizmləri yaradacaq?

Əslində, TDT+ formatının meydana çıxması bu suala verilən cavablardan biridir. Bu mexanizm təşkilata öz kimliyini qorumaqla yanaşı, müxtəlif dövlətlərlə münasibətlərini genişləndirmək imkanı verir.

Moskvanın TDT-yə marağı isə türk dünyasının beynəlxalq siyasi və iqtisadi çəkisinin artdığını göstərən amillərdən biri kimi qiymətləndirilə bilər. Ancaq maraq göstərmək təşkilata qəbul olunmaq üçün kifayət etmir. Bunun üçün mövcud qaydalar, ortaq prinsiplər və üzv dövlətlərin razılığı əsas götürülməlidir.

Bir sözlə, Rusiya türk dünyası ilə əməkdaşlıq edə, onun iqtisadi və siyasi imkanlarından faydalana bilər. Lakin TDT-nin qapısından daxil olmaq üçün təkcə türk xalqlarının yaşadığı dövlət olmaq kifayət deyil. Moskvanın qarşısında duran əsas məsələ türk dünyası ilə münasibətlərini genişləndirməkdən daha çox, bu münasibətlərin hansı prinsiplər əsasında qurulmasına razılaşmaqdır.

Ağarza Elçinoğlu