"İqtisadi artım amili ilə yanaşı şəffaflaşma, iqtisadiyyatın ağarması ölçülə bilən fiskal nəticələr verir. Cari ilin 9 ayında vergiyə görə proqnoz 107,2%, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 102,9% icra edilib ki, bu da illik proqnozun artıq 80,6% icrası deməkdir. Əmək bazarının şəffaflaşması şəraitində sosial sığorta daxilolmalarının son illərdə davamlı artması dövlət sosial müdafiə fondunun maliyyə dayanıqlığının gücləndirilməsinə əhəmiyyətli töhfə verib".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov deyib.

"Belə ki, dövlət sosial müdafiə fondunun gəlirlərində büdcədən ayırmaların payı 2018-ci ildəki 36%-dən cari ilin 9 ayında 20%-ə enib. İqtisadiyyatda ağarma proseslərinin ən etibarlı ölçülərindən biri də uçota düşən ödəyici və obyekt sayıdır. Belə ki, 2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı iki dəfə, ƏDV ödəyicilərinin sayı 3,5 dəfə, aktiv obyektlərin sayı 1,7 dəfə artıb. Cari ildə bu proses davam edib. Hazırda vergilərin 93%-i könüllü ödənilir. ƏDV-nin geri al layihəsi üzrə istehlakçılara qaytarılan vəsait 12% artaraq 157 milyon manata çatıb ki, bu da dövriyyələrin rəsmiləşdirilməsi üçün mühüm stimuldur", - deyə Aparat rəhbəri bildirib.

Anar Kəlbiyev