Bakıda ənənəvi olaraq keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müasir beynəlxalq münasibətlər sistemində sivilizasiyalararası dialoqun və qlobal sülhün bərqərar olunması yolunda ən mühüm dönüş nöqtələrindən biri kimi tarixdə öz yerini tutdu.
Yüzdən artıq ölkədən iki minə yaxın nümayəndənin, tanınmış dövlət, ictimai və mədəniyyət xadimlərinin, habelə beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə keçirilən mötəbər platforma Azərbaycanın qlobal sülh və təhlükəsizlik gündəliyinin formalaşmasındakı aparıcı rolunu bir daha nümayiş etdirdi, ölkəmizi sülh və dialoq carçısına çevirdi. Forum qlobal miqyasda mədəniyyətlər və sivilizasiyalar arasında körpü rolunu oynayan, tolerantlığı, qarşılıqlı etimadı və sülhü təşviq edən ən nüfuzlu platformalardan biridir. Forumun gündəliyi hər zaman bəşəriyyəti narahat edən ən aktual məsələləri əhatə edir. Cənab Prezident İlham Əliyev Forumun açılış mərasimində bir daha vurğuladı ki, ötən 15 ildə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrilib. Azərbaycanın təşəbbüsü olan və ilk dəfə 2011-ci ildə Bakıda keçirilən bu beynəlxalq platformaya dəstək verən tərəfdaşlara, ilk növbədə, BMT-nin Sivilizasiyalar Alyansına təşəkkürünü bildirən və ölkəmizin əsrlər boyu müxtəlif mədəniyyətlərin, dinlərin sülh şəraitində birgə yaşadığı tarixi bir məkan olduğunu vurğulayan dövlətimizin başçısı İlham Əliyev onu da əlavə etdi ki, Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsüdür. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik.
Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. Cənab Prezidentin çıxışı multikulturalizm anlayışına və onun müasir dünyada üzləşdiyi çağırışlara fərqli prizmadan baxmaq üçün mühüm fürsətdir. Azərbaycanda multikulturalizm ənənələri ölkənin tarixi inkişafı, coğrafi mövqeyi, müxtəlif xalqların birgəyaşayış təcrübəsi və hüquqi prinsipləri ilə sıx bağlıdır. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan əsrlərboyu müxtəlif mədəniyyətlərin, dini inancların və ənənələrin qarşılıqlı əlaqədə olduğu məkan kimi tanınıb. Bu tarixi təcrübə müasir dövrdə mədəniyyətlərarası dialoqun, qarşılıqlı hörmətin və dini dözümlülüyün ölkənin ictimai həyatında və beynəlxalq əlaqələrində mühüm yer tutmasına zəmin yaradıb. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan özünü müdafiə edərək düşməni məğlubiyyətə uğradıb və 30 il Ermənistanın işğalı altında qalmış torpaqlarını azad edib. Beləliklə, ölkəmiz ədaləti, öz ləyaqətini və beynəlxalq hüququn prinsiplərini bərpa edib. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən, lakin uzun illər icra olunmayan qətnamələrinin həyata keçirilməsini öz gücü hesabına təmin edib. Tədbir, eyni zamanda, fərqli mədəniyyətlər və sivilizasiyalar arasında körpülərin qurulmasında Bakının əvəzolunmaz rolunu təsdiqləyir. Forum çərçivəsində aparılan müzakirələr təkcə mövcud problemlərin aradan qaldırılmasına deyil, həm də gələcək nəsillər üçün daha təhlükəsiz, inklüziv və ədalətli dünya nizamının qurulmasına yönələn ortaq fəaliyyət planlarının müəyyənləşdirilməsinə xidmət edir.
Bu gün Azərbaycanın xarici siyasətinə, iqtisadi göstəricilərinə, qlobal enerji və nəqliyyat bazarlarındakı roluna nəzər salsaq, ölkəmizin rolunun son dərəcə sürətlə artdığını görərərik. Bir çox hallarda Azərbaycan qeyri-sabit regionda sabitliyin dayağı kimi qəbul edilir. Eyni zamanda, müstəqil siyasətimiz ölkəmizə böyük hörmət qazandırmışdır. Cənab Prezidentin qeyd etdiyi kimi, bizim artıq iki super güclə strateji tərəfdaşlıq münasibətlərimiz var. 2025-ci ildə Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq Bəyannaməsi imzalanmışdır. Çinlə bəyannamə aprel ayında imzalanmışdır, eyni zamanda, 2025-ci ilin avqustunda Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiya imzalanmışdır. Beləliklə Azərbaycanın iki super güclə strateji tərəfdaşlıq formatı var. O cümlədən, İslam dünyası, Avropa və Asiya ölkələri ilə əlaqələrin inkişafı fərqli siyasi və mədəni məkanlar arasında əməkdaşlıq imkanlarını artırır. Bu yanaşma Azərbaycanın mədəniyyətlərarası dialoq təşəbbüsləri ilə xarici siyasət prioritetləri arasında əlaqəni gücləndirir
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov




.jpg)
























.jpg)











.jpg)



