Qazaxıstan Respublikasının Karaqanda Texniki Universitetinin magistrantları Azərbaycan Texniki Universitetinin (AzTU) Biotibbi Mühəndislik İnstitutunda iki həftəlik elmi-tədqiqat təcrübəsi keçəcəklər.

"Unikal" xəbər verir ki, AzTU ilə Karaqanda Texniki Universiteti arasında əməkdaşlıq çərçivəsində təşkil olunan mübadilə proqramına İnformasiya sistemləri və Süni intellekt ixtisasları üzrə təhsil alan magistrantlar qatılacaqlar.

Proqram çərçivəsində magistrantlar elmi-tədqiqat işlərinin bir hissəsini AzTU-da həyata keçirəcək, universitetin elmi infrastrukturu və tədqiqat imkanlarından yararlanacaqlar.

Təcrübə müddətində magistrantların tədqiqat fəaliyyətinə elmi dəstək göstəriləcək, onların müvafiq istiqamətlər üzrə nəzəri biliklərinin və praktiki bacarıqlarının inkişafına şərait yaradılacaq. Eyni zamanda, proqramın elmi nəticələrin əldə olunmasına, eləcə də tərəfdaş universitetlər arasında elmi və akademik əməkdaşlığın daha da inkişafına töhfə verməsi nəzərdə tutulur.