Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan–İsrail münasibətləri, Türkiyə ilə İsrail arasında ticarət dövriyyəsi və son dövrlərdə Azərbaycana qarşı səsləndirilən ittihamlarla bağlı açıqlama verib.
"Unikal"ın məlumatına görə, deputat Musavat.com-a bildirib ki, Azərbaycan və Türkiyənin xarici və iqtisadi siyasəti müstəqildir və iki ölkə arasındakı qardaşlıq münasibətləri üçüncü dövlətlər arasındakı münaqişələrə görə zərər görməməlidir.
Hikmət Babaoğlu Azərbaycanın İsraillə əməkdaşlığına görə tənqid edilməsini düzgün hesab etmədiyini vurğulayaraq qeyd edib ki, dövlətlərin müstəqil siyasət yürütmək hüququ var.
“Azərbaycan–İsrail münasibətləri və Türkiyə–İsrail münasibətləri iki müstəqil dövlətin müstəqil xarici siyasətinə əsaslanan münasibətlərdir. Ona görə də heç bir ölkə digərinə irad tuta bilməz ki, sən nə üçün hansısa üçüncü ölkə ilə əməkdaşlıq edirsən”, – deyə deputat bildirib. Toyuqlu pizza
Deputat açıqlamasında Türkiyə ilə İsrail arasında ticarət əlaqələrinə də toxunub. O, 2025-ci ilin göstəricilərinə istinad edərək bildirib ki, müxtəlif mənbələrdə iki ölkə arasındakı ticarət dövriyyəsi ilə bağlı fərqli rəqəmlər təqdim olunur.
“2025-ci ildə Türkiyə ilə İsrail arasında ticarət dövriyyəsi 1 milyard dollara yaxın olub. Lakin bu, İsrail mənbələrinin məlumatıdır. BMT-nin müvafiq qurumlarının məlumatlarına görə isə, 2025-ci ildə İsrail ilə Türkiyə arasında ticarət dövriyyəsi 2,2 milyard dollar təşkil edib”, – deyə Hikmət Babaoğlu qeyd edib.
Deputat hesab edir ki, Azərbaycanı İsraillə iqtisadi əlaqələrinə görə ittiham edənlər Türkiyənin də İsraillə ticarət münasibətlərini nəzərə almalıdırlar.
“Azərbaycana İsrailə neft satdığına görə irad bildirənlər yaxşı olar ki, özlərinin İsrail ilə ticarət dövriyyəsinə də baxsınlar. O zaman tamamilə fərqli mənzərə ortaya çıxacaq”, – deyə o vurğulayıb.
Hikmət Babaoğlu bildirib ki, müttəfiqlik münasibətləri tərəflərdən başqa dövlətlərlə düşmənçilik etməyi tələb etmir. Onun sözlərinə görə, Azərbaycanın xarici siyasəti milli maraqlara və müstəqil qərarvermə prinsipinə əsaslanır.
“Dövlətlərin xarici siyasəti müstəqil olduğu kimi, iqtisadi siyasəti də müstəqildir. Heç bir ölkə qarşısında belə bir öhdəliyimiz yoxdur ki, biz sizinlə müttəfiq olduğumuza görə başqa bir ölkə ilə düşmən olmalıyıq”, – deyə deputat bildirib.
O əlavə edib ki, Azərbaycan Fələstin məsələsində iki dövlətin — Fələstin və İsrail dövlətlərinin mövcudluğunu nəzərdə tutan BMT-nin müvafiq qərarlarını dəstəkləyir.
“Bakı həmişə bəyan edib ki, Fələstin ərazisində iki dövlətin — Fələstin və İsrail dövlətlərinin mövcudluğunu nəzərdə tutan BMT-nin müvafiq qərarlarını dəstəkləyir və ümid edir ki, bu qərarlar həyata keçiriləcək”, – deyə Hikmət Babaoğlu vurğulayıb.
Deputat Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərinin üçüncü ölkələr arasındakı münaqişələrin təsiri altına düşməsinin yanlış olduğunu bildirib: “Əgər bu reallığı dəyişmək Azərbaycanın əlində deyilsə, Türkiyənin də əlində deyilsə, o zaman nə üçün Türkiyə–Azərbaycan qardaşlığını heç birimizin təsir edə bilmədiyi üçüncü və dördüncü ölkələr arasındakı münaqişəyə görə zədələməliyik?”, – deyə o sual edib.
Hikmət Babaoğlunun fikrincə, Azərbaycanla Türkiyə arasında münasibətlərin qorunması üçün qarşılıqlı ittihamlardan və gərginliyi artıran yanaşmalardan çəkinmək lazımdır.
Millət vəkili açıqlamasında Azərbaycana qarşı irəli sürülən ittihamlara və təxribat xarakterli addımlara da münasibət bildirib. O, Türkiyə tərəfinin bu məsələlərə hüquqi çərçivədə yanaşmasının vacibliyini qeyd edib.
“Azərbaycana qarşı irəli sürülən əsassız ittihamlara ən qısa zamanda son qoyulmalıdır. Türkiyə Respublikası dövləti Azərbaycana qarşı bu təxribat kampaniyasının arxasında kimlərin dayandığını müəyyənləşdirməli və onları ifşa etməlidir. Lakin ifşa etmək kifayət deyil, həmin şəxslər hüquqi baxımdan da cəzalandırılmalıdır”, – deyə deputat bildirib.
Hikmət Babaoğlu Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı hüquqi yardım haqqında razılaşmanın mövcudluğunu xatırladaraq, zərurət yaranacağı təqdirdə hüquqi mexanizmlərdən istifadə edilə biləcəyini vurğulayıb.
“Əgər hər hansı Türkiyə vətəndaşı ölkəmizi təhqir edirsə, ölkəmizin maraqlarını təhdid edirsə və ya dövlət quruluşumuzla bağlı reallığı dəyişdirməyə çalışırsa, o zaman Türkiyədən həmin şəxslərin cəzalandırılmasını təmin etməsini tələb edəcəyik. Yaxud qarşılıqlı hüquqi yardım haqqında mövcud razılaşmanın müddəalarına uyğun olaraq, həmin şəxslərin Azərbaycana təhvil verilməsini tələb edəcəyik”, – deyə o qeyd edib.
Deputat açıqlamasının sonunda təxribatlara son qoyulmasının vacibliyini bir daha vurğulayıb:
“Bu yol doğru deyil. Təxribatlara son verilməlidir”.







.jpg)















































