İspaniyanın “Vilyarreal” klubunun macarıstanlı qapıçısı Peter Qulaçi evinə silahlı basqın edildiyi üçün UEFA Çempionlar Liqasının “Napoli” ilə II tur oyununda iştirak etməyib.

"Unikal" “Marca” nəşrinə istinadən xəbər verir ki, qolkiper səhər saatlarında ailəsi ilə birlikdə evində olarkən silahlı basqına məruz olub. Xoşbəxtlikdən hadisə nəticəsində ailə üzvlərindən heç biri xəsarət almayıb.

Hadisənin yaratdığı emosional sarsıntı macar qapıçının həmin gün “Napoli”yə qarşı keçirilən matçda meydana çıxmasına mane olub. Onun əvəzinə İspaniya komandasının qapısını braziliyalı Luis Junior qoruyub. Görüş “Vilyarreal”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, İspaniya futbolunda futbolçuların evlərinə basqın halları əvvəllər də qeydə alınıb. Belə hadisələrlə müxtəlif vaxtlarda Toko Ekambi və Zambo Anqissa, eləcə də “Valensiya”nın keçmiş futbolçuları Esekiel Qaray, Qabriel Paulista və Ceffri Kondoqbiya üzləşiblər.