Dana ətinin kiloqramı Bakıda 19 manat, Beyləqanda 17 manat, Bərdədə isə 17 manat 50 qəpiyə satılır. Beləliklə, paytaxtda qiymət bu iki rayonla müqayisədə 1 manat 50 qəpik-2 manat yüksəkdir. Bərdədə fəaliyyət göstərən qəssab deyir ki, ümumilikdə ətin yerindən alış qiymətləri artsa da, alıcılara gündəlik satışları azalıb.

"Unikal" Xəzər Tv-yə istinadən xəbər verir ki, Bakıdakı qəssablar isə bildirirlər ki, bölgədən gətirilən ətin üzərinə daşınma və satış xərcləri də əlavə olunur. Onların sözlərinə görə, əvvəl təxminən 1 manat olan qiymət fərqi indi bəzi rayonlarla müqayisədə 2 manata çatır.

Quzu ətində də bölgə ilə paytaxt arasında qiymət fərqi var. Bölgədə fəaliyyət göstərən  qəssablar deyirlər ki,  heyvanın çəkisi və yaşı da qiymətə təsir edir.

Bakıda isə 15-17 kiloqramlıq quzuların ətinin 1 kiloqramı 21 manata təklif olunur. Əmlik quzuların əti isə daha baha satılır.

Bölgələrdə fəaliyyət göstərən qəssablar ətin qiymətinin son aylar mütəmadi artdığını bildirirlər. Bu artımın davam edəcəyini düşünənlər də var.