"Məktəbli forması vacibdir. Bu ənənə bizim dövrümüzdə də olub, bu gün də davam edir. Dövlətimizin təhsilin dünyəviliyi və vahid məktəbli geyim forması ilə bağlı qərarını dəstəkləyirəm".
Bunu "Unikal"a açıqlamasında Xalq artisti, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti Gülyanaq Məmmədova deyib.
Onun sözlərinə görə, geyim mədəniyyətin göstəricilərindən biridir və təhsil mühitində müəllimlə şagird arasında qarşılıqlı hörmətin formalaşmasında da mühüm rol oynayır:
"Geyim ümumilikdə mədəniyyətimizdən xəbər verir. Məktəbli formasına hər zaman sevgi və hörmətlə yanaşmışıq. Formanın səliqəli, ütülü olması məktəb mühitinə xüsusi nizam-intizam verir. Mən özüm də müəlliməm və tələbələrimin qarşısına çıxarkən geyim mədəniyyətinə diqqət yetirirəm.
Səhnədə ölkəmizi təmsil edən, milli dəyərlərimizi, adət-ənənələrimizi qorumağa çalışan bir sənət adamı kimi bu məsələyə xüsusi önəm verirəm. İstər Azərbaycanda, istərsə də xaricdə mədəniyyətimizi və dəyərlərimizi layiqincə təmsil etməyə çalışıram.
Biz dilimizə, dinimizə, İslam dininə böyük hörmətlə yanaşır, hər zaman Allaha şükür edirik. Vahid məktəbli geyim formasının nəyi pisdir ki? Təhsillə və məktəb mədəniyyəti ilə bağlı qəbul edilən qərarlara hörmətlə yanaşmalı, bir-birimizi sevməli və qarşılıqlı hörmət göstərməliyik", - deyə Xalq artisti bildirib.
Gülayə Mecid



















.jpg)



























