Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Ankara Universitetinin tarixində ilk ikili diplom proqramının ilk Məzun Günü keçirilib.
"Unikal" xəbər verir ki, Ankara Universitetində keçirilən tədbirdə universitetin rektoru professor Necdet Ünüvar və AzTU-nun rektoru professor Vilayət Vəliyev iştirak edib. Məzun Günündə həmçinin AzTU-nun İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin dekanı Leyla Məmmədova və fakültənin əməkdaşı Fidan Zaynallı da təmsil olunub.
Məzunları təbrik edən Ankara Universitetinin rektoru Necdet Ünüvar bildirib ki, tədrisi ingilis dilində olan kompüter mühəndisliyi ixtisası üzrə ikili diplom proqramına 2022/2023-cü tədris ilindən başlanılıb. Proqrama həm Azərbaycandan, həm də Türkiyədən yüksək göstəriciləri olan tələbələr qəbul olunub. Onlar ilk iki ili AzTU-da, növbəti iki ili isə Ankara Universitetində təhsil alıblar. Bu gün proqramı bitirən tələbələr həm də ona görə şanslıdırlar ki, hər iki qardaş ölkənin nüfuzlu universitetlərinin diplomuna sahib olurlar.
Necdet Ünüvar proqramın həyata keçirilməsində xüsusi dəstəyi olan AzTU-nun rektoru Vilayət Vəliyevə təşəkkür edib. Öz növbəsində AzTU-nun rektoru Vilayət Vəliyev də ikili diplom proqramının ilk məzunlarını ürəkdən təbrik edib. O, bu cür savadlı gənclərin hər iki ölkənin inkişafına töhfə verəcəyinə inandığını bildirib.
Daha sonra ikili diplom proqramını uğurla bitirən məzunlar təltif olunub.
















































