Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, artıq başqa xəstəlikləri olan və səhiyyə müəssisələrində müalicə alan insanlar Avropada yayılan müalicəsi mümkün olmayan superbakteriyaya yoluxma riski altındadırlar.

"Unikal" xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) daha əvvəl Avropada getdikcə daha çox yayılan təhlükəli, dərmana davamlı superbakteriya "Klebsiella pneumoniae" (Klebsiella pneumoniae normada bağırsaqlarda və ağız boşluğunda yaşayan, lakin bədənin digər nahiyələrinə düşdükdə və ya dərmana davamlı ştammları yayıldıqda ağır, çox vaxt xəstəxanadaxili infeksiyalara səbəb olan bakteriyadır,  - red.) haqqında məlumat vermişdi.

"Bu rezistent ştammlar əsasən xəstəxanalarda və digər səhiyyə müəssisələrində artıq əsas sağlamlıq problemləri olan xəstələr arasında yayılır", - ÜST-ün yayımladığı məlumatda qeyd olunub. 

Bildirilir ki, "Klebsiella pneumoniae" bakteriyasının özü yeni bir mikroorqanizm deyil.

ÜST qeyd edir ki, "Bu, tez-tez xəstəxana infeksiyalarına səbəb olur. Problem ondadır ki, bu bakteriyaların getdikcə daha çoxu müalicəyə cavab vermir".

Bundan əvvəl təşkilat Avropa Birliyində dərmana davamlı superbakteriya infeksiyalarının sayının artması ilə bağlı narahatlığını bildirib. O, onun Aİ/AİB ölkələrində daha da yayılma ehtimalını yüksək qiymətləndirib.

Gülayə Mecid