Sklerodermiya immun sisteminin fəaliyyətində yaranan pozğunluqlar nəticəsində inkişaf edən, damarları və birləşdirici toxumanı zədələyən xroniki autoimmun xəstəlikdir. Xəstəliyin əsas xüsusiyyəti kollagenin həddindən artıq sintez olunması və toxumalarda toplanmasıdır. Bu proses nəticəsində dəridə və bəzi daxili orqanlarda qalınlaşma, sərtləşmə və fibroz (birləşdirici toxumanın artması) meydana gəlir.

"Unikal"ın məlumatına görə,  Diaqnoz Tibb Mərkəzinin yüksəkixtisaslı revmatoloq-artroloqu Dr. Könül Zöhrabova bildirib ki, sklerodermiya yalnız dəri ilə məhdudlaşmayan, müxtəlif orqan və sistemləri əhatə edə bilən mürəkkəb xəstəlikdir.

Dr. Könül Zöhrabovanın sözlərinə görə, onun inkişafında immun sisteminin pozğunluğu, damar zədələnməsi və fibrotik dəyişikliklər mühüm rol oynayır.

SKLERODERMİYANIN ƏSAS ƏLAMƏTLƏRİ

Xəstəliyin klinik əlamətləri zədələnən orqanlardan və xəstəliyin formasından asılı olaraq fərqlənə bilər. Ən çox müşahidə olunan əlamətlər bunlardır:

* Dərinin qalınlaşması, sərtləşməsi və elastikliyinin azalması;
* Barmaqlarda şişkinlik, dərinin gərilməsi və hərəkət məhdudluğu;
* Oynaq və əzələ ağrıları;
* Udma çətinliyi və qida borusunun hərəkət funksiyasının pozulması;
* Ağciyərlərdə interstisial fibroz və ağciyər hipertenziyası;
* Bəzi hallarda böyrək və ürək zədələnməsi.

 

Sklerodermiya: Erkən diaqnostika niyə vacibdir? - Dr. Könül Zöhrabova açıqladı

SKLERODERMİYANIN ƏSAS FORMALARI

Xəstəlik əsasən iki klinik formada müşahidə olunur:

1. Lokal sklerodermiya

Əsasən dəri və dərialtı toxumaları zədələyir. Adətən daxili orqanların sistemli zədələnməsi ilə xarakterizə olunmur.

2. Sistem skleroz (sistem sklerodermiya)

Dəri ilə yanaşı damarları, birləşdirici toxumanı və müxtəlif daxili orqanları da zədələyə bilər. Ağciyər, ürək, böyrək və mədə-bağırsaq sistemi xəstəliyin təsirinə məruz qala bilər.

SKLERODERMİYANIN XARAKTERİK XARİCİ ƏLAMƏTLƏRİ

Sklerodermiya xəstələrinin müayinəsi zamanı bəzi xarici əlamətlər xəstəlik haqqında ilkin təsəvvür yarada bilər. Xüsusilə üz cizgilərində və dəridə baş verən dəyişikliklər diqqət çəkir.

Sistem skleroz üçün xarakterik əlamətlərdən biri mikrostomiya – ağız dəliyinin daralmasıdır. Bu zaman dodaqlar nazikləşir, ağız ətrafında radial qırışlar yaranır və ağızın açılması çətinləşə bilər. Bu görünüş bəzən «kisəvari ağız» kimi də təsvir edilir.

Bununla yanaşı, aşağıdakı dəyişikliklər də müşahidə oluna bilər:

* Barmaqlarda dərinin qalınlaşması və dartılması;
* Üz dərisinin gərilməsi və mimikanın azalması;
* Telangiektaziyalar – dərinin səthində görünən xırda, genişlənmiş damarlar;
* Üz cizgilərinin dəyişməsi və ağız ətrafında qırışların yaranması.

Bu əlamətlərin birlikdə müşahidə olunması sistem sklerozdan şübhələnməyə əsas verir. Lakin yalnız xarici görünüşə əsaslanaraq diaqnoz qoymaq mümkün deyil. Diaqnoz revmatoloji müayinə, immunoloji analizlər və zəruri instrumental müayinələrin nəticələri əsasında təsdiqlənməlidir.

ERKƏN DİAQNOSTİKA VƏ MÜNTƏZƏM NƏZARƏT VACİBDİR!

Sklerodermiya hər bir xəstədə fərqli gedişə malik ola bilər. Bəzi hallarda xəstəlik əsasən dəri dəyişiklikləri ilə müşahidə olunduğu halda, digər hallarda daxili orqanların zədələnməsi ilə ağırlaşa bilər.

Bu səbəbdən erkən diaqnostika, xəstəliyin aktivliyinin qiymətləndirilməsi və daxili orqanların müntəzəm monitorinqi xüsusi əhəmiyyət daşıyır.

Vaxtında müraciət və düzgün seçilmiş müalicə xəstəliyin gedişinə nəzarət etməyə, ağırlaşma riskini azaltmağa və pasiyentin həyat keyfiyyətini qorumağa kömək edir.

Sağlamlığınızı təsadüfə buraxmayın!

Sklerodermiya ilə bağlı şübhələriniz və ya xəstəliyə uyğun əlamətləriniz varsa, revmatoloq müayinəsinə müraciət edin.

DİAQNOZ TİBB MƏRKƏZİ

📞 Çağrı mərkəzi: 904
📱 Mobil: +994 55 754 43 03
🌐 Veb-sayt: www.diaqnoz.az
📍 Ünvan: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 38C