ABŞ-ın məşhur “SS United States” okean laynerinin Meksika körfəzində batırılaraq dünyanın ən böyük süni rifinə çevrilməsi planlaşdırılır.

"Unikal" xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Laynerin noyabrın ikinci həftəsində Destin şəhərindən təxminən 41 kilometr cənub-qərbdə batırılması nəzərdə tutulur. Lakin hava şəraiti ilə əlaqədar tarix dəyişə bilər.

Layihənin tərəfdarları gəminin zamanla dəniz canlıları ilə örtülərək dalğıclar üçün əsas turizm məkanlarından birinə çevriləcəyinə ümid edirlər. Hazırda bölgədə 500-dən çox süni rif mövcuddur.

Həmçinin batırılmış gəminin turistləri cəlb edəcəyi, bunun da sualtı üzgüçülük avadanlıqlarına, dəniz balıqçılığına və yerli hotellərə milyonlarla dollar gəlir gətirəcəyi gözlənilir.

Uzunluğu təxminən 305 metr olan “SS United States” 1952-ci ildə ilk səfəri zamanı Atlantik okeanını ən sürətli keçən gəmi kimi rekord qırıb.

Təşkilatlar uzun müddət layneri xilas etməyə çalışsalar da, yüksək xərclər buna mane olub.