Oktyabrın 8-də səhər saatlarında Abşeron Rayon Mərkəzi Xəstəxanasında Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsində sürücü vəzifəsində çalışan əməkdaş direktorun inzibati işlər üzrə müavininə xəsarət yetirib.

"Unikal" xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Bildirilib ki, hadisə zamanı xəsarət alan direktorun inzibati işlər üzrə müavininə dərhal zəruri tibbi yardım göstərilib: "Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb".

Qeyd edilib ki, sürücünün əmək intizamı qaydalarını pozması halları müşahidə olunub, bu hallarla bağlı ona dəfələrlə şifahi xəbərdarlıq edilib.

***

11:57

Xəbər verdiyimiz kimi, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Orxan Ənvərli bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, bıçaq xəsarəti alan Orxan Ənvərli əvvəllər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Daxili nəzarət və monitorinq departamentinin rəhbəri olub.

O, 2026-cı ilin yayında vəzifəsindən azad edilib və Abşeron rayon Xəstəxanasında direktor müavini təyin edilib. O.Ənvərlinin TƏBİB-in əvvəlki sədri Vüqar Qurbanovun qohumu olduğu bildirilir.