Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ölkənin qonaqpərvərlik və hotelçilik sektorunun aparıcı qurumları olan Azərbaycan Hotel Assosiasiyası İctimai Birliyi və "TABIA Group"un nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə ATMU-nun rektoru İlham Mədətov, prorektor Araz Aslanlı, Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, Turizm işi kafedrasının müdiri Hafiz Hüseynov, Mehmanxana və restoran işi kafedrasının müdiri Tərlan Növrəsli, Karyera və məzunlarla iş şöbəsinin müdiri İlahə Əliyeva və Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəbbət Hacıyeva iştirak ediblər. Qonaq qismində isə AHA İdarə Heyətinin sədri və "TABIA Group" Əməliyyatlar üzrə baş inzibatçısı, İdarə Heyətinin üzvü Eldar Əlimuradov, Assosiasiyasının icraçı direktoru Əsmər Şabanova və "TABIA Group"un Təlim və inkişaf (L&D) üzrə baş mütəxəssisi Günəş Övsətova təmsil olunublar.
Tədbiri giriş sözü ilə açan rektor İlham Mədətov universitetdə aparılan kadr hazırlığı, tələbələrin praktiki biliklərə yiyələnməsi və əmək bazarının müasir tələblərinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən bəhs edib. Rektor vurğulayıb ki, turizm və hotelçilik sahəsində nəzəri biliklərin istehsalat təcrübəsi ilə inteqrasiyası prioritet hədəflərdəndir.
Azərbaycan Hotel Assosiasiyası İdarə Heyətinin sədri və "TABIA Group" Əməliyyatlar üzrə baş inzibatçısı, İdarə Heyətinin üzvü Eldar Əlimuradov çıxış edərək tərəflər arasında qurulan əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb. O qeyd edib ki, hotelçilik və qonaqpərvərlik sektorunu təmsil edən AHA əmək bazarı ilə təhsil müəssisələri arasında canlı körpü rolunu oynayır. 2016-cı ildən fəaliyyət göstərən və ölkənin aparıcı qonaqpərvərlik şirkəti olan "TABIA Group" ("Badamdar Hotel & Residences", "Excelsior Hotel & Spa Baku", "Qalaaltı Hotel & Spa", "Shamakhi Palace Sharadil", "Chenot Palace Gabala", "Lankaran Springs Wellness Resort", "Hilton Garden Inn Baku" və s. kimi zəngin portfelə sahib) tələbələrə real hotel idarəçiliyi mühitində zəngin karyera imkanları təqdim edir.
Müzakirələrdən sonra ATMU ilə hər iki qurum arasında əməkdaşlıq memorandumları imzalanıb.
Sənədlərə əsasən, ATMU tələbələrinin Assosiasiyaya daxil olan üzv hotellərdə və "TABIA Group"un idarəçiliyində olan brend müəssisələrdə istehsalat təcrübəsi keçməsi, birgə təlim, seminar və görüşlərin təşkili, kadr ehtiyacları barədə müntəzəm məlumat mübadiləsinin aparılması, eləcə də ATMU-nun akademik heyəti ilə Assosiasiyaya üzv olan hotellərin nümayəndələri arasında hotelçilik və qonaqpərvərlik sektorunda təhsil və təcrübənin inteqrasiyasına yönəlmiş əməkdaşlığın təşkili nəzərdə tutulur. Eyni zamanda, "TABIA Group"un təcrübəli mütəxəssislərinin tədris prosesinə ekspert və mentor kimi cəlb olunması da əməkdaşlığın əsas istiqamətlərindən birini təşkil edir.
Görüşün sonunda xatirə fotosu çəkdirilib.



.jpg)





















































